

Bakı Moskva və Tehranla əlaqələrini gücləndirməklə Qarabağ problemini həll edə bilər.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, nəzərə alaq ki, Rusiya və İran Ermənistanla müttəfiq və tərəfdaş olmaqla yanaşı, İrəvan üzərində ciddi söz sahibi ölkələrdir. “Azərbaycan bu iki ölkə ilə münasibətlərini gücləndirməklə Qarabağ münaqişəsinin həllinə yardımçı olacaq”- deyə, o vurğulayb.
Azərbaycan-Rusiya-İran dövlət başçılarının Bakı sammitini şərh edən millət vəkili deyib ki, Bakıda keçirilən Rusiya-İran-Azərbaycan bu zirvə toplantısı Cənubi Qafqazda sülhün bərqərar olmasına öz töhfəsini verə bilər.
A. Mollazadəyə görə, Rusiya hökuməti və prezident Vladimir Putin Dağlıq Qarabağ məsələsinin tezliklə həll olmasına çalışır: “Rusiya prezodenti Putin zirvədəki çıxışı zamanı bir daha qeyd etdi ki, o bu problemin uzanmasını təhlükəli hesab edir. Ona görə də, çalışır ki, bu problem sülh yolu ilə həll edilsin. Ermənistan rəhbərliyi Rusiya prezidentinin bu bəyanatını ciddiyə almalı və problemin həllində maraqlı olmalıdır. Əks təqdirdə İrəvan rəhbərliyi xoşagəlməz nəticələrlə üzləşə bilər”.
Millət vəkili əlavə edib ki, Azərbaycan öz qonşuları ilə uzun vədəli iqtisadi, nəqliyyat və mədəni sahələri əhatə edən iri layihələr həyata keçirəcək. “Bu, Azərbaycana imkan verəcək ki, öz enerji məhsullarını dünya bazarlarına çoxşaxəli formada çıxara bilsin” – deyə, A. Mollazadə əlavə edib.
Mürtəza
Gununsesi.info