Bakı Nəqliyyat Agentliyindən deputata cavab - Ona piyada gəzməyi və ya ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik

  • By admin
  • 10 Avqust 2021 00:06

Milli Məclisin deputatı Fazil Mustafanın Bakı Nəqliyyat Agentliyi haqqında tənqidlərinə adıçəkilən qurumun sözçüsü Mais Ağayevdən reaksiya gəlib.

Gununsesi.info bildirir ki, Mais Ağayev deputatı qərəzdə günahlandırıb:

“Milli Məclisin  Fazil Mustafanın informasiya saytlarından birinə verdiyi müsahibə zamanı Bakı Nəqliyyat Agentliyi barədə səsləndirdiyi qərəzli və subyektiv fikirlər təəssüf doğurur. Bu cür əsassız fikirlər Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığı üçün şəhər nəqliyyat sistemində görülən tədbirlərə kölgə salır, ictimaiyyədə çaşqınlıq yaradaraq şübhə altına alır.

Deputat açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ünvanına açıq ittiham irəli sürüb ki, bu da ağ yalandır və həqiqəti əks etdirmir.

Millət vəkilinin avtobus zolaqlarına qarşı səsləndirdiyi fikirlər isə ümumiyyətlə, heç bir məntiqə sığmır. Bu zolaqların təşkilində məqsəd gündəlik ictimai nəqliyyat istifadəçisi olan və sayı iki milyondan artıq olan insanların hərəkət imkanlarını asanlaşdırmaqdır. Onların rahat, maneəsiz və təhlükəsiz gediş-gəlişini təmin etməkdir. Bu səbəbdən də bir millət vəkilinin ona mandat verən vətəndaşların rahatlığı üçün yaradılan şəraitə qarşı çıxması, məqsədli şəkildə tənqid etməsi təəccüb doğurur.

Avtomobil sürücüləri ilə müqayisədə hərəkət iştirakçıları arasında ictimai nəqliyyat istifadəçiləri əsas üstünlüyə malikdilər. Onların rahatlığını təmin etmək də daim dövlətin diqqət mərkəzindədir. Dövlət Başçısının tapşırığı ilə son beş ildə Bakı şəhərinin avtobus parkının həmçinin ictimai nəqliyyat infrastrukturunun müasirləşməsinə sərmayə qoyulması da bu diqqətin bariz nümunəsidir.

Millət vəkilinə şəhərdə piyada gəzməyi və ya ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik. Yalnız bu halda Fazil Mustafa ötən beş ildə şəhər nəqliyyatının ayrı-ayrı istiqamətləri üzrə görülən infrastruktur işlərinin əyani şahidi ola bilər.

Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığı üçün həyata keçirilən layihələr, onların müsbət təsirləri ilə bağlı davamlı maarifləndirmə və məlumatlandırma işləri aparır. Bunu nəzərə alaraq icra olunan layihələr, beynəlxalq təcrübədə bu işlərin hansı formada əksini tapması, ən əsası vətəndaşlarımızın bu işlərdən hansı formada bəhrələnəcəyi barədə millət vəkili eləcə də digər maraqlı şəxslərə təqdimatlar etməyə və onlarla açıq müzakirlərə də hazır olduğumuzu da qeyd edirik”.

 

Gununsesi.info