Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayı artırılıb

Sərnişinlərin artan tələbatına cavab olaraq AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TNS-ə AZAL-dan məlumat verilib.

Məlumata görə, bu marşrut üzrə gündəlik 11-12 reys həyata keçirilir ki, bu da sərnişinlərə səfərlərin planlaşdırılmasında rahatlıq və ən əlverişli uçuş vaxtını seçmək imkanı yaradır. Məsələn, iyulun 1-də 12, iyulun 2-də isə 11 reysin həyata keçirilməsi nəzərdə tutulub.

Uçuşların sayının artması ilə əlaqədar biletlərin mövcudluğu tam təmin olunduğundan sərnişinlərin aviabilet almaq üçün AZAL-ın kassalarının qarşısında növbəyə durmasına ehtiyac qalmayıb.

Sərnişinlər Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri şirkətin www.azal.az saytından, AZAL-ın rəsmi kassalarından onlayn əldə edə, həmçinin callcenter@azal.az elektron poçt ünvanı və ya +994(55)204 65 54 nömrəsi vasitəsilə vatsap mobil tətbiqi üzərindən əlaqə mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, bir neçə aydır davam edən bilet problemi ilə bağlı TNS-də silsilə tənqidi yazılar verilib. Son günlər Naxçıvandan Milli Məclisə deputat seçilən Ülviyyə Həmzəyeva və Cəbi Quliyev saytımıza  açıqlamalarında AZAL-ın fəaliyyətini kəskin tənqid etmişdilər.

 

 

Gununsesi.info