Bugün fevralın 7-də Azərbaycanda Prezident seçkiləri keçirilir. Bu seçki tarixi seçkidir və ilk dəfə olaraq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan bütün sərhədləri çərçivəsində keçirilir. Bugünkü tarixi seçkiyə gedən yolu xalqımız 30 ilə qət etdi və bugün Azərbaycan xalqı qürurla fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində öz səsvermə hüququndan istifadə edərək ölkə prezidentini təyin edəcək.
Gununsesi.info xəbər verir ki, seçkilərdə iştirakın əlçatanlığını artırmaq üçün Mərkəzi Seçki Komissiyası Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində müalicə alan seçici xəstələrimizi nəzərə alaraq yaratdığı müvəqqəti seçki məntəqəsində növbədənkənar prezident seçkilərinə start verilib. Səsvermə səhər saat 8.00-dan başlayıb və hələdə davam etməkdədir.
Mərkəzimizdə müalicə alan xəstələrimiz Bakı şəhəri, Nərimanov rayonu 20 saylı ikinci seçki dairəsi 39 saylı seçki məntəqəsində öz mövqelərini sərbəst şəkildə bildirmək üçün, tibb bacılarının köməyi ilə seçki məntəqəsinə yaxınlaşaraq səsvermə hüquqlarından istifadə ediblər.
Əməliyyatdan yeni çıxmış, məntəqəyə gəlmək imkanı olmayan seçicilərə isə seçki məntəqəsinin katib və üzvləri tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada daşınan qutular aparılıb.
Seçkilərin yüksək fəallıq və əhval-ruhiyyə ilə iştirakı bir daha dünyaya sübut edir ki, biz qədim dövlətçilik ənənələrinə, qədim mədəni irsə malik olan xalqıq.
Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktor Dos. Dr. Asiman Həsənov başda olmaqla seçki məntəqəsinin katib və üzvləri, habelə seçkini izləyən müşahidəçilər seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün lazımi bütün təşkilati tədbirləri apararaq, bu tarixi seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsini təmin ediblər.