Bakı Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib

  • By admin
  • 13 Sentyabr 2016 22:54

sahmat

Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının bu gün təntənəli bağlanış mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan mərasimdə Azərbaycan Repsublikası Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Bakının ev sahibliyi etdiyi və sentyabrın 2-dən start götürən Olimpiadada 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparıb. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub.

On bir turdan ibarət yarışlarda kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazanıb. Eyni xala malik Ukrayna isə ikinci yeri tutub. Rusiya millisi isə 17 xalla bürünc medal qazanıb.

Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.

Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Hesabında 17 xal olan Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb.

Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü qadın komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.

 

Gununsesi.info