
Bir neçə gündür ki, ölkə ərazisində un və un məmulatlarının, eləcə də, gündəlik qida rasionunun vazkeçilməz neməti sayılan çörəyin qiymətində artım olacağı ilə bağlı xəbərlər dolaşmaqdadır. Sosial şəbəkələrdə bununla bağlı çalınan təbillər, etirazlar isə dayanmaq bilmir.
Gununsesi.info-nun xəbərinə görə, artıq Bakıda pərakəndə satış nöqtələrində istehlakçılara təqdim olunan çörəyin qiyməti 10 qəpik artıb. Söhbət etdiyimiz satıcılar da etiraf edirlər ki, təchizatçılar bu gündən etibarən satış nöqtələrinə çörəyi yeni qiymətlərlə gətirirlər. Onların bildirdiyinə görə, tam artım isə avqustun 1-dən olacaq.
Gununsesi.info-nun reportyor qrupu Yasamal rayonun bir sıra ərazisində, o cümlədən, Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasının ətrafında “Çörəyin qiymətini qaldırarlarsa, bunu necə qəbul edərsiniz?”- sorğusuyla 20-dən çox adamın münasibətini öyrənib. Cavablar fərqli olsa da, münasibət dəyişməz olaraq qalıb; çörəyin qiymətinin qaldırılması heç bir halda ürəkaçan xəbər deyil!
Beləliklə sorğu iştirakçıları arasında daha maraqlı cavabları təqdim edirik:
Natavan Məmmədova (I qrup əlil): “Çörəyin qiymətinin qaldırılmasına çox pis baxıram. 1-ci qrup əliləm. 140 AZN təqaud alıram. Ölkədə dövlət çörəyi nəzarətdə saxlamalıdır. Əlbəttə, elektrik enerjisinin qiyməti qaldırılanda deyirdilər ki, qiymətlər qalxacaq. Amma bunun çörəyə təsir edəcəyini gözləmirdik. Hələ nəqliyyatın da qiymətinin qaldırılaçağını söyləyirlər. Gəl, indi yaşa də”.
Allahverdi Gülbalayev (işsiz): “Çörəyin bahalaşması əhalinin daha kasıb və ehtiyac içində yaşayan təbəqəsi üçün zərbədir. Heç olmasa, evimizə çörək ala bilirdik. Dünəndən də iş yerim bağlandı. Ali savadlı mühəndisəm. Düşünürəm ki, onsuz da böhran içində yaşayan əhali arasında intiharların sayı artacaq. Çünki, əgər kişi evə çörək də ala bilmirsə, yıxılsın ölsün”.
Zöhrə Quliyeva (tibb işçisi): “Deyilənlərə görə, hələ ayın birindən qalxacaq. Neyləməli? Hamı necə biz də elə. Çörək də elə şeydir ki, keyfiyyətini tez itirir. Onu nə qədər alıb saxlayasan ki, irəli düşəsən. Hər halda prezidentimiz çörəyin bahalaşmasına yol verməz. Belə məsələlərdə qətiyyətlidir. İşbazların işidir bu”.
Cənnətxanım Ağasıyeva (evdar qadın): “10 qəpiklə bir şey olmaz. Biz “dözümlü” xalqıq. Bəs mən eşitmişdim ətin qiyməti qalxacaq? Yenə şükür ki, qiyməti qalxan çörəkdir”.
Zöhrab Xudaverdiyev (satıcı): “Bu haqda neçə gündür çörək gətirən firmaların nümayəndələrindən eşidirik. Hələ ki, bizdə qiymətlər dəyişməyib. Amma firma qaldırarsa, o cür satmağa məcburuq. Özü də firmalar bir neçə gündür ki, satışa əvvəlkinə nisbətən çox az çörək gətirirlər. Biz də istəmərik ki, qiymətlər qalxsın. Yəqin dövlətin əlaqədər idarələri buna əncam çəkəcəklər”.
Validə Quliyeva: “Hamı deyir çörəyin qiyməti ayın 1-dən qalxacaq. Amma bax, elə bu səhər “BizimMarket”-dən “Nur” firmasının zavod çörəyini 50 qəpiyə aldım. Ha çığırım, kimdir eşidən? Çörək bişirən firmalar deyir ki, işiğin qiyməti qalxıb. Neyləməliyəm? Zərərimi kim ödəyəcək? Bir də ki, lap etrirazımı bildirim, tək başına mitinq edəcəm, ya etiraz aksiyası keçirəcəm? Kim çıxacaq etiraza? Ən yaxşısı susmaqdır”.
Ülkər Səfərova (dərzi): “İndi dərziyə paltar tikdirən də yoxdur. Gündəlik çörək pulunu zorla qazanırıq. Əgər çörəyin qiyməti qaldırılsa, gərək biz də xidmət haqqını qaldıraq. O zaman da müştərinin ayağı kəsiləcək buradan. Çörəyin qiymətinin qaldırılnasını istəmirəm. Allah bunlara insaf versin, onlar bolluqdan dieta saxlayır, biz ise yeməyə çörək də tapmayacağıq ki, acından ölməyək”.
Aytəkin Sədrəddinova: “Əgər çörəyin qiyməti qalxsa, gərək hökümət hər vətəndaşa adambaşına ayda 214 AZN pul verə. Konpensasiya ödəməlidirlər bunun üçün. Bir qohumum var, xaricdə yaşayır. Deyir ki, Amerikada dövlət itlərə bizdən yaxşı baxır. Amerikada it olmaq Azərbacan vətəndaşı olmaqdan yaxşıdır. Çörəyin qiymətini qaldıranlar aclıq görməyənlərdir. Onların evində çörək yeyilmir axı. Harınlayıblar. Bu cammatı dövlətin üstünə qaldırmaqdır”.
Qeyd edək ki, dünən İqtisadiyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Gununsesi.info-ya açıqlamasnda bildirib ki, əgər monitorinqlər zamanı qiymətlərdə dəyişiklik qeydə alınarsa, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək: “Ancaq hələ ki, aparılan monitorinqlər nəticəsində belə bir artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində artım qeydə alınarsa, bunun səbəbi mütləq araşdırılacaq” – deyə, o, vurğulamışdı.
Gununsesi.info-nun reportyor qrupu