Bakı-Sumqayıt qatarından istifadə sərnişinlərin sayı 2 dəfə çoxalıb

  • By admin
  • 21 Dekabr 2016 09:50

qatar

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişin sıxlığı günbəgün artmaqdadır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Məlumata görə, noyabrın 19-dan, elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləndən sonra sərnişin sıxlığı 2 dəfə artıb. Belə ki, əgər əvvəllər gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə 2 500-3 000 sərnişin daşınırdısa, hazırda bu rəqəm 5 000-ni ötüb.

Qeyd edək ki, hər iki stansiyada yüksək səviyyədə yenidənqurma işləri aparılıb. Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq quraşdırılıb.

Xırdalan stansiyasiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib istifadəyə verilib.

Gununsesi.info