Bakı Mühəndislik Universitetindən Yaşıl bazaradək işləyən 199 nömrəli avtobus sərnişinləri daşımağı çatdıra bilmir. Məsafə uzun, ərazidə yaşayan əhalinin sayı çox olduğu üçün bir marşrut xətti bu işin öhdəsindən keyfiyyətlə gələ bilməz.
Gununsesi.info xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Rəsul Mirhəşimli sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, təkcə Abşeron Gənclər şəhərciyində 20 minə yaxın əhali yaşayır. “Artıq bir müddətdir həmin ərazidə salınan yeni yaşayış massivləri əhali sıxlığını daha da artırıb”.
Jurnalistin sözlərinə görə, bu səhər 199 saylı avtobusda sərnişin sayı o qədər çox idi ki, bir qız huşunu itirdi: “Son zamanlar belə hallara neçə dəfə rast gəlmişəm”.
Bakı Mühəndislik Universitetindən Xocasən metro stansiyasına yeni marşrut avtobus xətti açmaqla Bakı-Sumqayıt yolu boyunca yaşayan sərnişinlərin problemlərini həll etmək olar, məncə.
Bakı küçələrindəki tıxaclarla 28 km yolu, 32 dayanacağı olan 199 saylı avtobusların normal intervalla işləməsini təmin etmək mümkün deyil”.
“Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev Gununsesi.info-ya bildirib ki, marşrut xətlərinin hərəkət trayektoriyaları, dayanacaq məntəqələrinin yeri və sair müəyyən edilməsi aidiyyəti dövlət qurumlarının səlahiyyətində olan məsələdir.
“Bəzi marşrut xətlərinin gələcəkdə Xocasən metrostansiyasına istiqamətləndirilməsi mümkün ola bilər”, – deyə o qeyd edib.
Gununsesi.info