

Cənubi Osetiya separatçılarının Bakı-Supsa neft kəmərinə nəzarət götürməsindən Rusiya öz maraqları üçün istifadə edə bilər.
Bunu Gununsesi.info-ya açıqlamasında “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, hələ bir neçə il öncə Gürcüstan tərəfi Bakı-Supsa boru kəməri üçün təhlükə var: “Hələ o zaman boru kəməri keçən marşruta qırmızı bayraqcıqlar da taxmışdılar ki, həm ictimaiyyətin, həm də Cənubi Osetiya ilə Gürcüstan arasında yerləşdirilmiş Rusiya hərbçilərinin bu məsələyə diqqətini cəlb etsinlər. Ancaq sonrakı hadisələrin bu səpkidə inkişafı göstərir ki, Kreml rəsmi Tiflisin onunla 2008-ci ilin avqust hadisələrindən sonra “siyasi razılaşma” məsələsinin gedişindən narazıdır və ona görə də belə addımlar atmaqla təzyiqlərini davam etdirir” – deyə, İlham Şaban vurğulayıb.
Ekspert hesab edir ki, hadisələrin bu cür inkişafının bu və ya digər şəkildə fəsadları da ola bilər.
Onun fikrincə, 2008-ci ilin avqust hadisələri zamanı Rusiya Gürcüstanın əksər hərbi və iqtisadi əhəmiyyət kəsb edən obyektlərinə zərbələr endirsə də, Azərbaycanla bağlılığı olan faktiki heç bir infrastruktura və obyektə toxunmamışdı. “Ancaq bu ona əsas vermir ki, biz yenə də sakitcə bu hadisənin müşahidəçisinə çevrilək. Əlbəttə ən yaxşı yol danışıqlar masası ətrafında bu məsələnin həllinin tapılmasıdır. Çünki burada qarşı tərəfə özlərinin müəyyən arzularılarının qorunması hesabına regiondakı digər oyunçuların maraqlarının da hesaba alınmasını xatırlatmaq gərəkdir ki, bunun beynəlxalq müstəviyə çıxaraq səs-küyə səbəb olması yeni iqtisadi-siyasi gərginliyə yol aça bilər”- deyə, o vurğulayıb.
O əlavə edib ki, Qərbin Rusiyaya qarşı sanksiyalarının sərtləşdirilməsi fonunda belə bir hadisənin baş verirməsi məsələni mürəkkəbləşdirən amillərdən biridir : “Heç kimə gizli deyil ki, Kreml bu addımı “Qərbə qarşı adekvat tədbirlər planının bir hissəsi” kimi görə bilər. Bax, bu zaman vəziyyətin həqiqətən də daha qəlizləşmə perspektivi ortaya çıxar”.
Ekspert nəzarətsiz zonada kəmərdən qeyri-qanuni olaraq neft oğurlanması hallarının və boruya uzun müddət xidmət edilmədiyindən onun zədələnməsi hallarının baş verməsini də istisna etməyib.
Eksert onu da əlavə edib ki, Bakı-Supsa kəməri 1997-1998-ci illərdə tikilib və 1999-cu ilin aprelində istifadəyə verilib.
“Hazırda kəmərlə gündəlik təqribən 60 min barel (illik 3 mln ton ətrafında) neft ixrac edilir. Yəni, bu o qədər də böyük həcm deyil. Bunu alternativ yollarla da ixrac etmək mümkündür”.
Kəmərin operatoruna gəldikdə isə İlham Şaban deyib ki, boru kəmərinin operatoru, yəni onun üzərində hüquqi mülkiyyət sahibi Britaniyanın BP şirkətinə məxsusdur.

Mirvari Qəhrəmanlı isə hesab edir ki, Bakı-Supsa kəməri Azərbaycan üçün elə də ciddi təhlükə törətmir. “Çünki imzalanan müqavilələrə əsasən kəmərin təhlükəsizliyinə təminatı kəmərin keçdiyi ölkələr üzərinə götürür və buna cavabdehlik daşıyır. “İndi mən dəqiq bilmirəm bu kəmərin təhlükəsizliyi məsələsi hansı səviyyədədir. Hökumtələrarası müqavilədə kəmərin təhlükəsizliyinə kimlər təminat verir, ondan xəbərsizəm. Bir də Rusiya belə bir kişik məsələyə görə, kəmərdən lazımi məqamda nəzarəti əlinə keçirəcəyi və nefti buraxmayacağı ilə bağlı səslənən fikirləri də o qədər inandırıcı hesab etmirəm. Çünki bu xəttən yetərincə neft nəql olunmur. Bu kəmərin illik neft ötürmə qabliyyəti cəmi 3 milyon tondur və bunu da digər alternativ yollarla bazara çıxarmaq olar. Ola bilsin hansısa təzyiq vasitəsi kimi istifadə etsinlər, ancaq ümumilikdə isə ciddi təhlükə gözləmirəm”- deyə, M. Qəhrəmanlı bildirib.
Mürtəza Bünyadlı
Gununsesi.info