Paytaxtımızın tarixi mədəni, mənəvi mirası əldən gedir, sakinləri məcburi köçkünə çevrilir.
Son illər Azərbaycanımızın inkişafı barədə bəlağətli rəylər, açıqlamalar, bəyanatlar tez-tez səslənir, nitqlər söylənir, hətta az qala elmi təhlil iddiasında olan araşdırmalar ortaya çıxarılır. Doğrudan da, inkişafın sırf zahiri, texniki tərəfini götürsək, ölkədə böyük dəyişikliklərin baş verdiyi göz qabağındadır ki, bunu rəsmi statistika rəqəmləri də artıqlaması ilə təsdiq edir. İstər Bakıda, istərsə də başqa şəhərlərdə, bölgələrdə yeni yollar salınır və köhnələri təmir olunur, körpü-tunellər tikilir, yaşayış sahələri inşa edilir, geniş abadlıq işləri görülür, ayrı-ayrı sənaye müəssisələri yaradılır. Bütün bunların daha çox ölkənin şəksiz iqtisadi, sosial, siyasi, elmi, mədəni, cazibə mərkəzi, ən iri şəhəri olan paytaxt Bakı və həndəvərində təzahür etməsi də təbiidir. Məhz Bakı həmin o dinamik inkişaf adı verilən proseslərin, fəaliyyətlərin bir növ lokomotivi və eyni zamanda sınaq meydanına çevrilib. Amma gəlin görək həmin proseslər həqiqi, yəni, geniş mənada müsbət nəticələrə gətirib çıxarırmı, yəni tez-tez səslənən “Bakı günü-gündən gözəlləşir, abadlaşır” kimi basmaqəlib ibarələrlə gen-bol göylərə qaldırılan bu “inkişaf” bütövlüklə cəmiyyət tərəfindən də birmənalı “sürəkli alqışlar”la qarşılanmağa layiqdirmi?
Bildiyimiz kimi, Bakı şəhəri tarixində iki dəfə belə sürətli inkişaf, köklü dəyişikliklər dövrü yaşayıb ki, hər ikisi də neft amili ilə bağlıdır. Birincisi XIX əsrin 60-cı illərində dünyada ilk dəfə sənaye üsullu neft hasilatının tətbiqi ilə başlayaraq ötən əsrin əvvəllərinədək davam edib Bakının dünya neft paytaxtına çevrilməsilə əlamətdar oldu. O vaxtadək indi İçərişəhər kimi tanıdığımız qədim özəyindən ibarət olan, 5-6 min əhali yaşadığı Bakımız qala divarlarını aşaraq sürətlə böyüməyə başladı, neftin bərəkətilə Bayırşəhər adı verilən yeni-yeni məhəllələr peyda oldu. Bakını xırda Orta Şərq şəhərindən müasir, iri avropasayağı şəhərə çevirən, indiki tarixi mərkəzini təşkil edən, Bakının xeyli dərəcədə özünəməxsus ab-havasını daşıyan və əsl memarlıq incisi olan bir çox binaların inşa edildiyi məhəllələr də məhz həmin dövrdən bizə qalan yadigardır. Bu gün də məhz İçərişəhərlə Bayırşəhər bir bütöv olaraq, bir vəhdət olaraq Bakı şəhərinin tarixi, mədəni, insani bünövrəsini təşkil edir, onun bənzərsiz simasını müəyyənləşdirir.
Sözügedən dövrün verdiyi təkanla Bakının müasir məcradakı inkişafı sovet dövründə də davam etdi. Bu dövr şəhərimizin daha çox mühüm sənaye mərkəzinə çevrilməsilə səciyyələnir və əvvəlki dövrdən fərqi də sənayenin şaxələnməsi, yəni təkcə neft hasilatı və emalının yox, həm də maşınqayırma, yeyinti, yüngül sənaye müəssisələrinin yaradılmasıdır. Nəticədə şəhər xeyli böyüdü, bir çox fəhlə qəsəbələri, mikrorayonlar salındı. Bu sənayeləşmə əvvəllər əsasən dədə-baba tərzi həyatını sürdürən Bakı kəndlərindən də yan keçmədi, burada yaradılan bir sıra mühüm istehsal sahələri əhalinin məşğulluğunu, azuqəsini təmin edərək Abşeronun sosial inkişafını xeyli sürətləndirdi.
Sovet imperiyasının süqutu və dövlət müstəqilliyimizin bərpası Bakı üçün də yeni bir mərhələnin xəbərçisi oldu. SSRİ-nin vahid iqtisadi sistemi çərçivəsində mühüm inkişaf yolu qət edən paytaxtımız ilk vaxtlar bütövlüklə ölkəni bürüyən kəskin iqtisadi və sosial böhranla üz-üzə qaldı. Əvvəlki iqtisadi əlaqələr qırıldığı üçün ölkə iqtisadiyyatının təməl daşını təşkil edən bir çox sənaye müəssisələri bağlandı və ya fəaliyyətini dondurdu. Kütləvi işsizlik, güzəranın korlanması, bir yandan da müharibədən, səfalətdən canını qurtarmağa çalışaraq bir parça çörək dalınca Bakıya pənah gətirən on minlərlə əyalət sakini paytaxtın az qala humanitar fəlakət həddinə gəlməsinə səbəb oldu, yoxsulluq və özbaşınalıq baş alıb getdi. Şəhərin insanları ilə yanaşı siması, mənzərəsi, ab-havası da dəyişməyə üz tutdu. Bakını və bakılıları yaxın-uzaqlarda tanıdan, əzəldən nişanəsinə çevrilən istilik, səmimiyyət, mehribanlıq, insanpərvərlik tədricən aşınmağa, əriməyə başladı.
1994-cü ildən etibarən iri neft müqavilələri imzalandıqdan sonra iqtisadiyyat tədricən dirçəlməyə başladı. Beləcə bəhs etdiyimiz sürətli inkişaf dövrlərindən ikincisinin əsası qoyuldu. Bu dövrdə əksər istehsal müəssisələrinin bağlandığı və ya köçürüldüyü Bakı sənaye şəhərindən daha çox neft pulları ilə böyüyən, bəslənən siyasi, inzibati, işgüzar mərkəzə, yəni artıq istehsal edən, yaradan zəhmətkeşlər şəhəri deyil, ilk növbədə neft pulları hesabına ağlasığmaz dərəcədə varlanan məmurlardan və onlara bağlı iri iş adamlarından ibarət bir qrupun meydan suladığı, əsasən yerli əhalidən olan sıravi sakinlərin isə tədricən şəhərin ucqar yerlərinə sıxışdırıldığı, mərkəzdə bahalı dükan-restoranların bərq vurduğu zənginlər şəhərinə – “ikinci Dubay”a çevrildi.
Natamam iqtisadiyyata malik Azərbaycana neft müqavilələrinin bəhrəsi olaraq gələn dollar axını genişləndikcə həmin sərvətə şirniklənənlər da çoxalırdı. Neft pullarını talamağın geniş tətbiq olunan üsulu da müxtəlif tikinti və infrastruktur layihələridir. Beləliklə də əvvəlcə Bakıda, sonradan isə başqa şəhərlərdə “tikinti bumu” başladı. Tikinti işlərinin pərakəndə, konkret tələbata baxmayaraq, plansız, özbaşına aparılması da bunun korrupsiya mahiyətinə bariz şəkildə dəlalət edir. Belə ki, paytaxtda ucaldılan saysız-hesabsız hündür yaşayış binalarının hələ də bir xeyli hissəsi boş qalır. Amma məsələnin başqa, daha mühüm tərəfi belə tikintilər ucbatından şəhərimizin memarlıq bütövlüyünün kobudca pozulmasıdır. Hərçənd xatırlatmaq lazımdır ki, Bakımızın tarixi memarlıq irsinə qarşı etinasızlıq hələ sovet dövründə özünü göstərmişdi. Bu məsələ 1971-ci ildə Anarın ssenarisi əsasında kinorejissor Arif Babayev tərəfindən çəkilmiş məşhur “Gün keçdi” bədii filmində də tənqidi səpgidə qoyulur. Belə ki, elə o vaxtlar paytaxtın qədim guşəsi olan İçərişəhərdə Şirvanşahlar sarayının qarşısındakı məhəllə sökülərək geniş bir meydan açıldı, 1980-ci ildə isə Qoşa Qapı yaxınlığında bəzi evlər sökülməklə müasir, ətraf memarlıq mühitinə daban-dabana zidd üslubda Azərbaycan Sovet Ensiklopediyası binası tikildi. Lakin sovet illərində belə hallar yenə də hətta Bayırşəhərdə belə məhdud çərçivədən o yana getmir, şəhərimizin ümumi mənzərəsinə elə bir xələl gəlmirdi. Bakının memarlıq ahəngini korlayan, mənzərəsini kirləyən bir çox yöndəmsiz “göydələn”lərin abidə səciyyəli tikililərlə zəngin köhnə məhəllələr içində eybəcər yamaq kimi peyda olması əsasən son 10-15 ilin “dinamik inkişafı” ilə bağlı acı təcrübədir. Daha acınacaqlısı Bakının tarixi özəyi, ən qədim hissəsi, guya dövlət tərəfindən qorunan İçərişəhərdə qədim evlər, mülklər sökülməklə hakimiyyətdə yüksək mənsəb sahiblərinin fitvası (fitnəsi!) ilə ayrı-ayrı torpaq sahələri satılaraq, əsasən xarici şirkət ofisləri, səfirliklər üçün modern üslubda binaların inşa olunmasıdır. Bu gün UNESCO-nun mədəni irs siyahısına salınmış İçərişəhərimiz həm də müxtəlif bərpa, konservasiya vs. layihələr ucbatından qədim ab-havasını itirərək ortaçağ Bakısından daha çox paytaxtın son vaxtlar dəbdəbəli imarət-ofislər ucaldılan bəzi kənar məhəllələrinə, qəsəbələrinə oxşamağa başlayıb. Xatırlatmaq yerinə düşər ki, hökumətin tez-tez qovuşmaq arzusunu və ya niyyətini təmtəraqla bəyan etdiyi “Avropa ailəsi”ndə, ümumiyyətlə bütün sivil dünyada şəhərin tarixi hissəsini olduğu kimi saxlamaq, yeni binaları isə ayrıca tikmək qaydası çoxdandır mövcuddur. Orada, bizdən uzaqlarda millətin keçmişinə ehtiram mədəniyyətin ayrılmaz parçası, vacib əlaməti, təməl dəyərlərindən biri sayılır.
Lakin hazırda ən azı memarlığın korlanması qədər böyük yeni bir təhlükə şəhərimizin başı üstünü alıb. Bu da Bakının qədim məhəllələrinin ucdantutma sökülməsidir. İlkin olaraq 2010-cu ildən Füzuli və Mirzağa Əliyev küçələri arasında sarayın arxasından tutmuş Beşmərtəbəyə qədər ərazidə kütləvi söküntü aparıldı və yerində “Qış parkı” deyilən istirahət guşəsi yaradıldı. Bir çox polis zorakılığı, qanunsuzluq halları ilə müşayiət olunan, hətta aclıq aksiyası ilə də yadda qalan söküntülər əsnasında bəzi memarlıq dəyər kəsb edən binalar da dağıdıldı, məhv edildi. Daha sonra, 2014-ci ildən etibarən hələ sovet illərində tərtib olunmuş layihəyə uyğun “Qış parkı”nın davamı olaraq hökumət eyni qayda ilə Akademik Milli Teatrın arxasından yuxarı, hələlik “Sovetski”yə qədər daha geniş zolaqda – Süleyman Rəhimov və Çingiz Mustafayev, hətta Vidadi küçəsinədək ərazidə kütləvi söküntülər apardı. Bununla yanaşı “Sovetski” ilə Abdulla Şaiq küçəsi arasındakı çəpəki zolaq üzrə də kütləvi söküntülər həyata keçirildi. Sözügedən ərazilərdə də tarix, memarlıq baxımdan dəyərli bir çox binalar, mülklər yox edildi. Beləliklə də şəhərin 26 hektarlıq ərazisi viran qoyuldu, səhraya çevrildi. Planda isə bütövlüklə “Sovetski”dən Hüsü Hacıyev küçəsinədək (indiki Azərbaycan prospekti) geniş bir ərazidəki evlərin sökülməsi nəzərdə tutulur. Yeri gəlmişkən, məsələyə aidiyyatı olan vəzifəli şəxslər sökülən evlərin yerində “abadlıq” və “yaşıllaşdırma” işlərinin görüləcəyini bəyan etsələr də, həmin ərazilərin ayrı-ayrı tikinti şirkətlərinə satılması barədə ara-sıra yayılan xəbərlər bütün bu söküntü əməliyyatının da əslində hakimiyyətdəki ayrı-ayrı qrupların daha bir nəhəng yeyinti əməliyyatı olması, bəzi evlərin tələm-tələsik, qanunsuz şəkildə, az qala sakinlərin başına uçurulmasının da məhz bundan irəli gəlməsi barədə şübhələri qüvvətləndirir.
Bir müddət əvvəl Yasamal rayonu icra başçısının müavini, icra hakimiyyəti nəzdindəki köçürülmə komissiyasının sədri Səməd İslamov APA TV-yə müsahibəsində söküntülərə dair hökumətin gələcək planlarından söhbət açmışdı. Onun dediyinə görə, Bakının Yasamal rayonu ərazisində qarşıdakı köçürülmə işləri üç mərhələdə daha 17 hektar ərazidə aparılacaq. Birinci mərhələdə Balababa Məcidov (keçmiş İkinci Paralel) və Fuad İbrahimbəyov (keçmiş Beşinci Paralel) küçələri arasında, “Nizami” metro stansiyası arxasından “Sovetski”yədək olan ərazidə, ikinci mərhələdə “Sovetski”dən yuxarı İsmayıl Qutqaşınlı küçəsinədək, üçüncü mərhələdə isə Təzəpirdən başlayaraq Süleyman Tağızadə küçəsinədək, Murtuza Muxtarov küçəsilə “Sovetski” arasında yaşayan sakinlər köçürüləcək. Sözügedən ərazidəki mənzillərin 90 faizində “tam inventarlaşdırma, ölçü və qiymətləndirmə işləri” artıq aparılıb. İcra başçısının müavini üstəlik hələ bundan sonrakı planlara toxunaraq Nizami küçəsinin yuxarı hissəsi boyu “Sovetski”yədək olan ərazinin də köçürüləcəyindən danışdı. Deməli, müharibə bölgəsindən məcburi köçkünlərə əlavə olaraq sökülən Bakıdan ikinci məcburi köçkünlər dalğası da bürüyəcək ölkəni. Hələ bu günlərdə ictimai müzakirəyə çıxarıldığı bildirilən Bakının baş planında 2035-ci ilədək paytaxt və həndəvərində 220 minə yaxın evin (!) köçürüləcəyi yazılıb. Nə isə heç bəxtimiz gətirmir son illər biz azərbaycanlıların, bu məcburi köçkünlük aqibəti sanki alnımıza yazılıb. Özü də nə hikmətdirsə, bu qismət nəinki qanlı-qadalı döyüş bölgələrində, hətta dinc paytaxtımızda belə yaxalayır bizi…
Beləliklə, hökumət əslində bütövlüklə “yuxarı məhəllə” kimi tanınan Bakı amfiteatrının 50 hektardan artıq böyüklükdə (xatırladaq ki, İçərişəhərin sahəsi 22 hektardır) qərb yamacı ərazisini hədəfə götürüb. Bu ərazi əsasən Bayırşəhər hüdudlarına düşməsə də, yaşı yüz əlliyə yaxın olan “yuxarı məhəllə” həm bir çox tarixi, memarlıq, estetik baxımdan dəyərli olan binalarına, həm də Bakının özünəməxsus tarixi ab-havasını, haradasa mənəvi simasını daşıdığına, ruhunu özündə cəmləşdirdiyinə, hopdurduğuna görə sözsüz ki, mühafizə olunmağa layiqdir. Yeri gəlmişkən, Bakının başqa məşhur köhnə məhəlləsi olan “Kubinka” da söküləcək ərazilər sırasında göstərilir və burada artıq bir sıra hündür binalar da tikilib. Bakının yerli mədəni mühiti, bakılı toplumu, Bakı adət-ənənələri, mənəvi aləmi məhz bu cür qədim, darısqal küçə-palanlar boyu düzülmüş bir-iki mərtəbəli həyət evlərindən ibarət köhnə məhəllələrdə təşəkkül tapıb. Məşhur Bakı meyxanasının bloklu binalarda əmələ gəlmədiyini xatırlatmağa yəqin ki, elə bir lüzum yoxdur. Zəngin mədəni, mənəvi mirasa malik tarixi Bakını uçurub əvəzində hündür mərtəbəli simasız, ruhsuz, duzsuz-tamsız, soyuq binalardan ibarət, sanki 3d printerdən çıxmış hansısa yad bir şəhər inşa edib adını da müasirləşdirmə, abadlıq vs. qoymaq bütövlüklə Azərbaycana, Azərbaycan xalqına, mədəniyyətinə, Azərbaycan insanına həqarətdir, xəyanətdir. Hər bir normal insan kimi mən də öz doğma şəhərimdə yaşamaq, onun nəfəsini ciyərimə çəkmək, kefim istəyəndə yeni küçə-prospektləri, kefim xatirələrə baş vurmaq istəyəndə də qədim məhəllələri gəzib-dolaşmaq istəyir və buna haqqım çatdığını düşünürəm. Mən doğma şəhərimdən, yəni öz keçmişimdən, öz mənəvi kökümdən qoparılmaq, oturduğum yerdə dönüb marginal, didərgin olmaq istəmirəm. Mən doğma şəhərimə tamaşa etmək üçün saytlara girib köhnə şəkilləri çözələmək məcburiyyətində qalmaq istəmirəm. Yuxarı məhəlləsiz, “Kubinka”sız, Beşmərtəbəsiz Bakı əsl Bakı deyil.
Hər bir şəhər kimi, Bakı da təbii ki, zaman keçdikcə dəyişməlidir və dəyişir də. Amma bu dəyişmə gərək tarixi keçmişi rədd etmək, kəsib tullamaq, manqurtlaşmaq bahasına olmasın. Dəyişən Bakı tarixi simasını, tarixi görkəminin ən azı bir hissəsini qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıdır. Ulularımızın bizə miras qoyub getdikləri əmanətə xilaf çıxsaq, xəyanət etsək onlara hörmətsizlik etmiş, layiq olmadığımızı göstərmiş olarıq ki, əslində indiyədək elə bunu addımbaşı sübut etməklə məşğuluq. Bəli, günümüzün acı gerçəkliyi budur ki, Şuşanı, Ağdamı yağı düşmənlər viran qoyursa, paytaxt Bakını da özümüzkülər (?) get-gedə dağıdıb yox edir. Rahat kabinetlərdə, meşin qapılar arxasında yuva qurmuş həmin o bizə yad “özümüzkülər” də görünür, Bakını qənimət mal qismində görür, Bakını yeyib-dağıdır, Bakıya divan tuturlar. Azərbaycanın son vaxtlar eninə-uzununa, yeri gəldi-gəlmədi mədh edilən “analoqu olmayan” inkişafı dədə-babadan qalan hər şeyi “köhnə” adı ilə uçurub-dağıtmaq, yox etməkdirsə, belə inkişaf bizə lazım deyil. Xəritədə Bakı adı ilə göstərilən, özü isə ömür boyu tanıdığımız, daxili aləmimizə hakim kəsilmiş Bakıya oxşamayan, Bakı ab-havasından məhrum bir yerdə yaşamaq fikri şəxsən məni diksindirir. Mən Bakımı qurban vermək bahasına “inkişaf” etmiş ölkədə yaşamaqdansa, “geridə qalmış” Bakıda yaşamağı üstün tuturam. Həqiqi inkişaf əvvəl beyinlərdə, dünyagörüşlərdə, dəyərlərdə baş verməlidir. Dünyada geniş və hamar yollardan, körpü-tuneldən, jalüzi-cakuzili modern mənzillərdən daha dəyərli nəsnələr var ki, bunu da dərk etmək elə o söz etdiyimiz daxili, mənəvi inkişaf səviyyəsinə yetməklə şərtlənir. Belə ki, insanın öyrəşdiyi, könlünə yatan yaşayış mühitinin yaratdığı mənəvi rahatlıq və asudəlik sırf cismani rahatlıqdan daha əhəmiyyətlidir. Bu adi həqiqəti dərk etməyən, yaxud da gözünü tamah tutduğundan eyninə almayan, dövlət idarəçiliyindən, İDARƏÇİLİK MƏDƏNİYYƏTİndən baş çıxartmayan, şəhər təfəkküründən də tam məhrum olan hər bir məmur “yeri səhv düşdüyü” üçün vəzifədən uzaqlaşdırılmalıdır…
Bir ara paytaxtın Bakıdan köçürülməsi məsələsi gündəmə gətirilib müxtəlif səviyyələrdə müzakirəyə çıxarılmışdı. Braziliya, Qazaxıstan, Nigeriya kimi ölkələrin bununla bağlı müəyyən müsbət təcrübəsi var və hazırda bir sıra ölkələr də oxşar addım atmağı götür-qoy edir. Tarixinin bəlli bir mərhələsini orta inkişaf səviyyəsindəki böyük bir ölkənin əyalət mərkəzi qismində yaşadıqdan sonra inkişaf etməmiş kiçik bir ölkənin paytaxtına çevrilən və bunun bir çox fəsadlarına tuş gələn Bakı üçün belə bir status dəyişikliyi üzərindəki nəhəng yükün inzibati-siyasi tərkibli parçasını kəsib atmaqla qismən rahatlıq gətirə bilər. Hərçənd belə rahatlaşma şübhəsiz ki, tez başa gəlməyib uzun illər aparan bir proses olacaq. Tarixən neft paytaxtı olmuş şəhərimiz üstəlik siyasi paytaxta da çevriləndə yaşadığı bir çox həm siyasi, həm də sosial iqtisadi təbəddülatlar ucbatından böyük zahiri və demoqrafik dəyişikliklərə məruz qalmışdır. İndi də söhbət həmin o siyasi inzibati yükü götürməklə Bakını təbii, sağlam inkişaf məcrasına qaytarmaq istiqamətində səmərəli addım atmaq fürsətindən gedir. Lakin istər bu, istərsə də başqa fürsətlər yarandığı, vasitələr müzakirə edildiyi təqdirdə gərək mütləq hərtərəfli ölçülüb-biçilsin, burada hər hansı sınaqlara, kimlərinsə şəxsi və ya qrup maraqlarına, məsuliyyətsiz hərəkətlərinə əsla və qətiyyən yer yoxdur. Çünki söhbət təkcə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin gələcəyindən yox, daha geniş mənada bütövlüklə Azərbaycan xalqına aid tarixi, mədəni, mənəvi mirasın aqibətindən gedir. Bu həssas məsələdə yenə də səhv buraxsaq, onu düzəltmək şansımız olmayacaq.
Arif Ələkbərli
Gununsesi.info