Bakı Təhsil İdarəsindən ATV-yə və “Yoxlama”ya sərt ittiham: Zorakılıqla çəkiliş aparmağa cəhd olunub - (ÖZƏL)

  • By admin
  • 11 Yanvar 2017 16:49

yoxlama

“ATV” gödəkcəsi geyinmiş 5 nəfər, eləcə də təhlükəsizlik uniforması geyinmiş daha 5nəfər qapıçını itələyərək, məktəbə daxil olublar. Onlar məktəbdə təxminən bir saat müddətində böyük ajiotaj yaradıblar. Gələnlər məktəbin müxtəlif ərazilərində siniflərə icazəsiz daxil olaraq çəkiliş aparıb, tədris prosesini kobudcasına pozublar. Azər və başının dəstəsi məktəb rəhbərliyinin dəfələrlə müraciətinə və xəbərdarlığına əhəmiyyət verməyiblər, özlərini sözün həqiqi mənasında media təmsilçisinə xas olmayan tərzdə aparıblar”.

Bu haqda Gununsesi.info-nun sorğusuna münasibətini açıqlayan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göndərdiyi cavabda belə deyilib.

BŞTİ-nin mətbuat xidməti bildirib ki, 2017-ci il yanvarın 6-da “ATV” kanalında yayımlanan “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov Bakı şəhəri Xətai rayonundakı Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə zorakılıqla çəkiliş aparmağa cəhd edib: “Azər İsmayılov 12 nəfər idmançı görünüşlü şəxslə (özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu 27-28 yaşlı gənc oğlanlar “ATV” gödəkcəsi geyinmiş 5 nəfər və təhlükəsizlik uniforması geyinmiş daha 5 nəfər) qapıçını itələyərək, məktəbə daxil olublar.

Onlar tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilib, ələsalma tipli suallar verilib, qeyri-etik ifadələrlə pedaqoji heyətin və şagirdlərin hissiyyatına toxunublar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq, çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatçılıq yaradıb, həmin “çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında çaşqınlığa və vahiməyə səbəb olub.

Bu hadisənin ən acınacaqlı tərəfi ondan ibarətdir ki, həmin “çəkiliş qrupu”nun əməkdaşlarından biri məktəbin 6-ı sinif şagirdini kobudcasına itələyərək yıxıb və ona xəsarət yetirib. “ATV” kanalının “Yoxlama” verilişinin aparıcısı Azər öz nöqsanlarını “Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi” pafoslu ifadəsi ilə pərdələmək istəyir.
Bu zaman təbii olaraq, sual meydana çıxır ki, bunun üçün məktəbin qapıçısını itələyib məktəbə daxil olmaq, icazəsiz siniflərdə tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparmaq, məktəb rəhbərliyinə qarşı saymamazlıq etmək, müəllimlərə və məktəbin texniki işçilərinə qarşı kobudluqlar etmək, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunmaq və məktəbin şagirdlərinə xəsarət yetirmək lazım idimi ki, məqsədlərinə uyğun çəkiliş aparsınlar?!

Aparıcı Azərin əlində əvvəlcədən çap olunmuş otuza yaxın meyar üzrə, o cümlədən müəllimlərin geyiminin, xarici görkəminin, makiyajının və s. meyarlar üzrə yoxlanmasını nəzərdə tutulan hazır siyahı var idi. Təbii sual yaranır ki, bu meyarlar üzrə məktəblərin, müəllimlərin yoxlanması səlahiyyətini ona kim verib və onun bu kompitensiyaların yoxlanması üçün bilik, bacarıq və təhsili varmı?!

“Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun bu səlahiyyətləri Azərə və onun dəstəsinə veribmi?! Məktəblərin otuzdan artıq meyar üzrə yoxlanması nə vaxtdan və kim tərəfindən “Yoxlama” verlişinin səlahiyyətinə verilib? Xahiş edirəm, Azər və onun dəstəsi qoyulan bu suallara cavab versin. Məlumdur ki, məktəblərin müvafiq meyarlar üzrə yoxlanması və fəaliyyətinin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətindədir”.

Sorğuda o da qeyd edilir ki, ötən il “Yoxlama” verlişi ətrafında yaranmış səs-küy və haqlı narazılıqlar aparıcı Azər İsmayılov haqqında kifayət qədər aydın ictimai rəy yaradıb: “Odur ki, eyni hərəkətlərin hamımız üçün müqəddəs olan məktəblərə də tətbiq edilməsi yolverilməzdir. Məktəbin pedaqoji kollektivi adından belə halları qətiyyətlə pisləyir, təhsil müəssisəsinin normal fəaliyyətinə kobud şəkildə mane olan və KİV təmsilçilərinin şərəfli adına ləkə gətirən bu cür neqativ hərəkətlərin yolverilməz olduğunu bildiririk”.

Anar
Gununsesi.info