
Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır.
Dövlət İmtahan Mərkəzindən Gununsesi.info-a verilən məlumata görə, 2021/2022-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan (Azərbaycan bölməsi 15 yer, rus bölməsi 5 yer) yeri ayrılıb.
Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2021-ci il avqustun 30-dan sentyabrın 3-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər:
Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;
Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);
“Abituriyentin elektron ərizəsi”.
Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
Qeyd: Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul ilə bir yerdə aparılacaqdır.
Gununsesi.info