Bakı-Tiflis-Qars dəmir yolu xətti ilin sonuna işə düşəcək

  • By admin
  • 29 İyul 2016 09:52
demiryo
Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsində aparılan işlərin böyük hissəsi tamamlanıb. Bu barədə məlumatı Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan mətbuata açıqlamasında bildirib.
 
“Texniki işlərə nəzarət edən şəxslərlə mövcud durumu və qarşıda görüləcək işləri müzakirə etdik. Hazırda Qars çayı üzərində tikinti işləri aparılır, körpülər üzərində aparılan işlər bitmək üzrədir. Qars çayı üzərindən körpünün tikintisi avqustda bitəcək. Qrafikə nəzər saldıqda məlum olur ki, işlər çox sürətli şəkildə həyata keçirilir”, – deyə nazir bildirib.
Ə.Arslan əlavə edib ki, layihənin Türkiyə ərazisində reallaşan hissəsində işlərin 87%-i tamamlanıb: “Bizim hədəfimiz bu ilin sonunda dizellə çalışan ilk lokomotivi yola salmaqdır”. Bəs görəsən, ümumilikdə bu layihə üzrə işlər hansı mərhələdədir? Azərbaycan və Gürcüstan tərəfindəki işlər yekunlaşıbmı? Bu dəmiryol xəttinin işə düşməsi ölkəmizə nə vəd edir?
“Yeni Müsavat”ın suallarını cavablandıran Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Azərbaycan tərəfində işlərin artıq yekunlaşdığını və lokomotivlər vasitəsilə dəmiryol xəttində qatarların işə başladığını bildirdi: “Bakı-Tiflis-Qars dəmir yolu xəttində artıq qatarlar hərəkət edir. Biz lokomotivlərlə müəyyən bir yerə kimi gedib gələ bilirik. Elektrik təchizatı, rabitə-siqnalizasiya xətləri demək olar ki, tamamlanmaq üzrədir. Demək olar ki, bütün işlər yekunlaşır və artıq ilin sonunadək  qatarlarımızı Gürcüstan sərhədinə kimi apara biləcəyik. Onu da qeyd edim ki, dəmiryol xəttinin Gürcüstan hissəsini də Azərbaycan tikir. Türkiyə tərəfdə də işlər gedir. O ölkənin nəqliyyat naziri də görülən işlərlə bağlı açıqlama verib”.
N. Əzməmmədov onu da vurğuladı ki, layihənin reallaşmasına 2007-ci ildə başlanılıb: “Bilirsiniz ki, bu layihənin maliyyələşməsini də Azərbaycan öz üzərinə götürdü. Daha sonra da bu işlərə  start verildi və reallaşmasına başlanıldı. Hesab edirik ki, 2016-cı ilin sonunda, 2017-ci ilin əvvəlində qatarlarımız hərəkət edəcək”.
Dəmir yolu İdarəsi rəsmisi həmçinin qeyd etdi ki, bu layihənin reallaşması təkcə Azərbaycana deyil, qonşu ölkələrə də fayda gətirəcək: “Azərbaycan bu layihədən böyük xeyir götürəcək. Ölkəmiz Trans-Asiya, Trans-Avropa nəqliyyat dəhlizinə qoşulacaq. Artıq Türkiyə tərəfindən də qatarlar işləyəcək. Bundan əlavə, Çindən  gələn yüklər Trans-Xəzər nəqliyyat dəhlizi vasitəsilə daşınacaq. Bu, ölkəmizə həm siyasi, həm də iqtisadi dividentlər gətirəcək”.