Bakı Tikiş Evindən izdihama CAVAB

Yeni dərs ilinə hazırlaşan valideynlər Bakı Tikiş Evinin (BTE) satış mağazasının qarşısında və mağazasının içərisində izdiham yaradıblar.

Gununsesi.info xəbər verir ki, məktəblərin açılmasına sayılı günlər qalması və valideynlərin yeni məktəbli formalarını ala bilməməsi onları hərəkətə gətirib.

Görüntülərdən də aydın olur ki, məktəblərin açılmasına az müddət qalsa da şagirdlərin forma problemi hələ də öz həllini tapmayıb.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, gün ərzində 1200-1500 məktəbli forması istehsal edilir.

“Burada da 2 mağaza fəaliyyət göstərir. Həmin mağazalardan formaların satışı həyata keçirilir. Bununla biz satdığımız məhsula zəmanət verə bilirik. Bu formalar başqa yerdə satılanda biraz baha satılır. “Bravo” supermarketlərinə də 6000 min forma verildi və satıldı. Biz çox məhsul istehsal edə bilmirik. Bir tikiş fabriki Bakıdakı bütün şagirdlərə məktəbli formasını necə istehsal edə bilər? Biz özəl müəssisəyik. Əsas işimiz hərbi paltarların tikilməsidir. Ona görə də biz bütün işimizi atıb, yalnız məktəbli forması istehsal edə bilmərik. Bu barədə heç bir məsuliyyətimiz yoxdur. Nə Elm və Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bizə tapşırıq verib, müqavilə bağlamayıb. Keçən il məktəbli forması istehsal etdiyimiz üçün bu il də istədik ki, bu işə kömək edək. Lakin bir fabrik bütün tələbatı ödəyə bilməz”, – deyə o bildirib.