“Bakı və Abşeron yarımadasında qış fəslində havanın orta minium temperaturunda dəyişikliklər baş verib”- UMAYRA TAĞIYEVA

“Bakı və Abşeron yarımadasında qış fəslində havanın orta minium temperaturunda dəyişikliklər baş verib”

 

umayra

Son onilliklərdə Bakı və Abşeron yarımadasında qış fəslində havanın orta minium temperaturunda dəyişikliklər baş verib.

Gununsesi.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun “İqlimşünaslıq və aqroiqlimşünaslıq” şöbəsinin aparıcı elmi işçisi Umayra Tağıyeva deyib.

“Abşeron yarımadasında soyuq hava dalğalarının tədqiqi və əhali üçün risklər “ mövzusunda aparılan tədqiqat işi nəticəsində məlum olub ki, Bakıda 1991-2014-cü illərin qış aylarında havanın orta minimum temperaturu 1961-1990-cı illərlə müqayisədə dekabr ayında 0,4 dərəcə aşağı olub, yanvar ayında 0,2 dərəcə yüksəlib,  fevral ayında isə cüzi azalma (-0,1 dərəcə) qeydə alınıb. U. Tağıyeva bildirib ki, qış aylarında mütləq minimum temperatur dekabr və fevral ayları üçün təzələnib. Belə ki, dekabr üçün 1964-cü ildə rekord göstərici olan -4,6 dərəcə şaxta 1997-ci ildə -5,5 dərəcə şaxta ilə yenilənib: “Fevral ayı üçün isə 1969-cu ildə qeydə alınan -9,6 dərəcə şaxta rekord göstərici 2012-ci ildə yenilənib və  mənfi 11,0 dərəcə təşkil edib. Çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslində ən çox mənfi minimum temperaturlar fevral ayında qeydə alınır. Belə ki, 1961-2014-cü il aylar üzrə mənfi minimal temperaturların paylanması fevralda 44%,  yanvarda 42%, dekabrda isə 14% təşkil edib. Ümumiyyətlə, Bakıda qış fəslində havanın temperaturunun 0 dərəcədən aşağı olduğu günlərin orta sayının azalması müşahidə edilir. Belə ki, qış fəslində şaxtalı günlərin orta sayı 1961-1990-cı illərdə 13,4 olubsa, 1991-2014-ci ildə bu rəqəm 12,4-ə düşüb”.

Gununsesi.info

COMMENTS