
Azərbaycan prezidenti İlham Əliyev aprelin 17-də Yevlax şəhərində keçirdiyi respublika müşavirəsində 2016-cı ildə ölkəyə qeyri-neft sektoruna, xüsusən də ən çox valyuta gətirən və yaxud gətirə biləcək kənd təsərrüfatı məhsullarının adını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, ölkə başçısının sadaladığı kənd təsərrüfatı məhsulları sırasına badamçılığın inkişafı da yer alıb.
Prezident bildirib ki, hazırda respublika ərazisində cəmi 1000 hektar badam bağları var. “Onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Amma Bakı və Abşeron yarımadası badam üçün çox münbit məkandır. Ona görə, indi yeni bağlar salınır, min hektarlarla badam bağları salınmalıdır. Mən sahibkarlara da bu sahənin inkişaf etdirilməsini məsləhət görürəm” – deyə ölkə başçısı vurğulayıb.
Prezident əlavə edib ki, Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlim var: “Ona görə, bu istiqamətdə də işlər görülməlidir, lazımi tədbirlər görülür, göstərişlər verilib, bax, bu sahə də inkişaf edəcək”.
Məsələnin aktuallığını nəzərə alaraq bu mövzunun inkişaf etdirilməsinə qərar verdik.
Badamçılığın inkiaşf etdirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyevə müraciət edik.
V. Əliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, badam yüksək ixrac potensialına malikdir. “Azərbaycanda badam meyvə ağacı kimi çox qədim zamanlardan becərilir. Badam bitkisi ölkəmizə İrandan gətirilmiş və onun müxtəlif bölgələrdə becərilməsi nəticəsində bu bitki üçün ən münasib ekoloji zonalar aşkarlanmışdır. Həmin ərazilərdə bitki 100 il və daha çox yaşayır, mütəmadi yüksək məhsul verir. Badamın qədimdən becərildiyi bölgələr Naxçıvan, Abşeron yarımadası, Gəncə-Qazax və Şirvan zonasıdır”- deyə, o, bildirib.
V. Əliyev onu da bildirib ki, qarşıdakı 10 ildə badam bağlarının ərazisinin min hektar artırılması nəzərdə tutulur. “Məqsədimiz 2017-2026-cı illərdə badam bağlarının ərazisinin 1500 hektardan 2500-dək genişləndirilməsidir. Bununla bağlı xüsusi Dövlət Proqramı” layihəsi işlənib hazırlanıb. Layihədə bu istiqamətdə aparılan işlərin daha da gücləndirilməsi və badam bitkisinin əkin sahəsinin 1500 hektar artırılaraq 2500 hektara, məhsuldarlığın isə 2,4 tona çatdırılması nəzərdə tutulub”- deyə, o, bildirib.
Bununla belə o, əlavə edib ki, 2005-2015-ci illərdə respublikamızda badam bağları 23,9 faiz azalıb, 1 hektardan orta məhsuldarlıq isə 2,12 ton/hektar artıb:
“Bu illər ərzində ən yüksək göstərici Naxçıvanda respublikada qeydə alınıb. Belə ki, 2005-2015-ci illərdə Naxçıvanda badam istehsalında 822.4 ton, bağların əkin sahəsində isə 190 hektar artım olub”.
Onu da qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2015-ci il məlumatına görə, dünyada badam istehsalı 1 milyon ton olub. ABŞ birinci (848 min ton), Avropa Birliyi ölkələri ikinci (75 min ton) və Avstraliya isə üçüncü yerdə (70 min ton) qərarlaşıb.
Əgər Azərbaycanda badamçılığın tarixinə nəzər salsaq o zaman görərik ki, badamçılıq əsasən Abşeron yarımadasında və Naxçıvanda inkişaf edib. SSRi dövründə isə Abşeron yarımadasında bu sahə daha da inkişaf etdirilib xeyli badam bağları salınıb. Ancaq SSRİ dağıldıqdan sonra Abşeron yarımadasında badam bağları məqsədyönlü şəkildə məhv edilib. Həmən badam bağlarının yerində fərdi evlər və yaxuda digər təyinatlar üzrə istifadə olunub. Məsələn Abşeron rayonu Saray, Qala, Zirə, Badamdar, Novxanı, Şüvəlan, Hövsan qəsəbələri ərazisində badam bağları salınıb.
Elə götürək Saraya qəsəbəsi ərazisindəki badam bağları ərazisində “Badam villa”, İnvestA” MMC, “Köhnə Bakı” “Qurtuluş” tikinti şirkətləri yaşayış massivləri tikib. Onunla bərabər bələdiyyələr badam bağları ərazisini fərdi evlər tikmək üçün vətəndaşlara satılıb. Baxmayaraq ki, həmən ərazilərdə hələ də badam ağacları qalıb. Hansı ki, bu torpaqlar şirkətlərə kəndə təsərrüfatı təyinatı adı altında verilib. Ona görə də tikilən evlərin aidiyyatı dövlət qurumları tərəfindən istismara alınmasına ciddi problemlər yaranaır.
Onu da qeyd etmək lazımdır ki, badam ağaclarının becərilməsi çətin və zəhmət tələb edən məsələlərdir. Abşeronda bu sahənin inkişaf etdidlməsi üçün perspektiv olsa da, badam bağlarının salınması üçün yetərincə münbit ərazi qalmayıb.
Mürtəza
Gununsesi.info










