Bakı və Tbilisi: küçə ticarəti və canlı musiqi - REPORTAJ (FOTOLAR)

  • By admin
  • 02 İyun 2016 10:18

Gununsesi.info əməkdaşı Tbilisidən yazır

 

Tbilisi ilə Bakını birləşdirən ortaq nöqtələr çoxdur. Ancaq bu oxşarlıqlar içində xeyli dərəcədə də fərqliliklər gözə çarpır. Bu, təkcə siyasi ab-havası mənasında deyil, həm də iki şəhərin görünüşdə, auralarında hiss olunur.

 

Yolboyu düzülən kitab piştaxtaları və…

 

Tbilisi 3

Bəli, Bakı Tbilisi ilə müqayisədə indi daha müasirdir: göydələnlərin çoxluğu, bir növ Dubaya bənzədilməsi və.s. Tbilisi isə qədimlik daha çox qorunur və orada insan amili daha çox önə çəkilir. Qonşu ölkənin paytaxtında yeraltı keçidlərdən istifadə edərkən bir dənə gözəgəlimlisi ilə rastlaşa bilməzsiniz. Üfunət adamı 100 metrdən vurur. Bakıdakı kimi daha yaxşı yerlatı keçidlərin tikilməsi, yaxud təmir edilməsi üçün onlarda o qədər pul yoxdu. Büdcəni başqa yönlərə – səhiyyəyə, təhsilə yönəlidirlər.

 

Tbilisii

 

Ancaq Tbilisi küçələri bambaşqa olur. Təkcə gecələr yox, gündüzlər də göz oxşayır. Yolboyu düzənlənən kitab piştxataları, canlı musiqi adamı valeh edir. Bakıda səyyar ticarətlə məşğul olmaq yasaqdır. Nə əlində qəzet, kitab, nə də min bir xırdavat sata bilərsən. Üstəlik, kiçik bir stolun üstündə əşyalar düzüb gündəlik çörək pulu qazanmağa imkan vermirlər. Tbilisidə isə belə qadağalar yoxdu. Biz də düşünürlər ki, bu gələn turistlərin gözündə alçala bilərik, ya da şəhərin ümumi görünüşünə xələl gətirir. Gürcülər isə tam başqa cür düşünürlər. Onların belə bir problemi “şəhərin gözəlliyinə xələl gəlir” ,  – deyə xofları yoxdu. Bəlkə də Gürcüstan kasıb ölkə olduğundan, vətəndaşlarını düşündüyündən belə addım atırlar, ancaq bütün hallarda küçə ticarətinə yaradılan şərait çox normaldır. Bu, dünyanın hər yerində var. Hətta ən inkişaf etmiş ölkələrdə də küçə ticarəti fəaliyyət göstərir. Bundan isə nə tursitlər, nə də həmin ölkənin vətəndaşları hürkür. Hər şeyi adi qarşılayırlar. Hə, bir də kitab satmağın nəyi pisdir? Kitab satmaq nədən qadağan olunmalıdır? Kitab nə zamandan şəhərin ümumi görünüşünə xələl gətirir? Əksinə, şəhəri daha gözəlləşdirir. Yolboyu düzülən kitab rəflərinin nəyi pisdir ki? İnsanları oxumağa sövq edir. Hətta oxumayan adam belə gözucu da olsa, diqqət edir. Turistlər də ayaq saxlayıb kitablarla maraqlanırlar. Yəni bütün hallarda kitab satışı yasaqlanmamalıdır, əksinə şərait yaradılmalıdır.

 

Tbilisi

 

…qadağa qoyulmayan canlı musiqi

 

Bakıda kitab satışıyla yanaşı, küçə musiqiçilərinə də problemlər yaradılır. Daha çox yeraltı keçidlər də bir neçə saatlıq mahnı ifa edib beş-on manat qazananlara da maneə yaradılır. Polislər həmin adamları ən yaxşı halda həmin ərazidən uzaqlaşdırırlar, ən pis halda isə polis bölmələrinə aparırlar. Mövzu yenə eynidir: küçədə musiqi oxumaq yasaqdır, insanların istirahətinə mane olur. Tbilisidə isə küçə musiqiçiləri nədənsə kimsənin istirahətinə mane olmur, əksinə insanlar daha əylənir. Yoldan ötənlər ayaq saxlayıb, şəkil çəkdirir, əziyyətin qarşılığında pul verir, bəzən isə səsi olanlar mahnı da ifa edirlər. Gürcüstanın paytaxtında – ən gur yerlərdə canlı musiqiyə qadağa yoxdur. Ərazidə dolaşan polislər heç kimə bir söz demir. Nəinki gürcülər, hətta turistlər yerdə bardaş qurub musiqi səsləndirə bilər. Hətta ən bahalı otellərin, imkanlı şəxslərin üz tutduğu məkanların qarşısında belə canlı musiqi ifa etməyə problem yaradılmır. Qısacası, saatlarla istənilən yerdə dayan sənə kimsə bir söz deyən deyil. Bu həm insanları əyləndirmək, həm də qazanmaqdı. Bakıda isə əsasən, bu işlə məşğul olan tələbələrə mane olurlar. Onlara gündəlik qayğılarını həll etməyə imkan vermirlər.

 

Tbilisi 3 5

 

***

Tbilisinin gecə həyatı da gözəldir. Şəhər işıq dirəklərinin hesabına parıldamır, insanların üzündəki təbəssüm, rahatlıq, sakit və həzin həyata gecəyə bəmbəyazdır. Gecə klubları, parklar – hər şey göz oxşayır. Kasıb gürcü də məğrur görünür. Ən azından gələn turistlərə özlərini elə göstərirlər…

 

Emil Salamoğlu

Bakı-Tbilisi-Bakı

Xüsusi olaraq Gununsesi.info üçün