Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ermənistana rəsmi səfərini başa vurduqdan sonra Azərbaycana da gəldi.
Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı.
Bu, hər iki dövlətin yaxınlaşması hesab olunsa da, ortada sual doğuran bir məsələ də var.
Belə ki, ABŞ uzun müddətdir, Azərbaycana səfir təyin etmir və bu da ictimai-siyasi sferada müzakirələrə səbəb olur.
Maraqlıdır, imzalanan tarixi sənəddən sonra səfir təyin etmək məsələsi aktuallaşacaqmı?
Ümumiyyətlə, ABŞ Azərbaycana səfir təyin edəcəkmi?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elnarə Akimova danışıb.
O bildirib ki, ABŞ-nin Azərbaycana səfir təyinatının gecikməsi diplomatik praktikada istisna sayılmayan, lakin siyasi mesaj yükü olan bir proses kimi qiymətləndirilir:
“ABŞ diplomatik sistemində səfir namizədinin irəli sürülməsi və ABŞ Senatı tərəfindən təsdiqi çoxpilləli prosedurdan keçir; daxili siyasi gündəlik, prioritet bölgüləri, regional strategiyanın yenilənməsi və ikitərəfli münasibətlərin konfiqurasiyası bu prosesin vaxtını uzada bilir. Vaxtilə oxşar situasiyaların yaşanması göstərir ki, bu tip gecikmələr çox vaxt münasibətlərin mahiyyətindən çox, Vaşinqtonun daxili siyasi ritmi və kadr siyasəti ilə bağlı olur. Bununla yanaşı, tərəflər arasında dialoqun intensivliyi, təhlükəsizlik və enerji gündəliyi, regionda sabitliyin qorunması kimi mövzular üzrə əməkdaşlıq kanallarının açıq qalması faktiki diplomatik təmasların səfir səviyyəsindən asılı olmadığını göstərir”.
Parlamentari o cümlədən deyib:
“Son dövrdə yüksək səviyyəli təmasların artması və Bakıda keçirilən görüşlərdə imzalanmış sənədlər ikitərəfli gündəliyin funksional xarakter daşıdığını nümayiş etdirir; bu dinamika səfir təyinatı üçün siyasi fonu, şübhəsiz, daha əlverişli edir, lakin təyinatın konkret tarixi birbaşa bu təmasların nəticəsi kimi deyil, ABŞ-ın institusional prosedurları və regional prioritetləri ilə müəyyənləşir. Ümumilikdə məsələni təmkinli şəkildə belə analiz etmək mümkündür: gecikmə münasibətlərin dərinliyinin azalmasından çox, prosedur və prioritetlərin uzlaşması ilə bağlıdır; əməkdaşlıq isə müxtəlif kanallar üzrə davam edir və diplomatik nümayəndəliyin tam komplektləşdirilməsi bu prosesin məntiqi, lakin vaxt baxımından çevik olmayan mərhələsidir”.
Orxan











