Bakıda əməliyyat: Beynəlxalq narkoşəbəkənin əsas üzvlərindən biri tutuldu

  • By admin
  • 10 Noyabr 2021 15:00

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən xarici ölkələrdə yaşayan narkotacirlər üçün paytaxt ərazisində narkokuryerlik edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Gununsesi.info xəbər verir ki, Baş İdarəyə paytaxt sakini olan Aydın Məmmədovun Bakı şəhəri ərazisində narkotik vasitələrin satışını həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində həmin şəxs Sabunçu rayonu ərazisində saxlanılaraq Baş İdarəyə gətirilib. Aydın Məmmədovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 6 ədəd bağlamada satış üçün qablaşdırılan ümumi çəkisi 2 kiloqram 145 qram olan narkotik vasitə heroin və 130 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki,Aydın Məmmədov sosial şəbəkələrdə tanış olduğu və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən şəbəkənin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşğul olub. Bakı şəhərinin demək olar ki, bütün rayonlarında narkotik vasitələrin satışını həyata keçirən Aydın Məmmədov beynəlxalq narkoşəbəkənin ölkə ərazisindəki əsas üzvlərindən biri olub. Onun vasitəsi ilə narkotik vasitələr paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirilərək qanunsuz dövriyyəsi təşkil edilib. Aydın Məmmədovun bu qanunsuz fəaliyyətinin qarşılığında əldə etdiyi külli miqdarda maddi vəsaiti müxtəlif yollarla xarici ölkələrdəki narkotacirlərə göndərib.

Aşkar edilən faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.info