Fevralın 28-də Bakı kəndlərinin birində 16 yaşlı qızın toy mərasiminin baş tutacağı barədə məlumat yayılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara da məlumat verilib.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yaxın bir qohumun məlumatı əsasında növbəti erkən nikahın qarşısı alınıb:
“Toy 28 fevralda Bakı kəndlərinin birində baş tutacaqdı. Amma mərasim qızın 18 yaşı tamam olana qədər təxirə salındı. Ata yalan məlumat verərək diqqəti yayındırmaq istəsə də, bu cəhdi alınmadı, öz qızının gələcəyini düşünməyən ata ikinci dəfə qanun pozuntusu etmiş oldu. Məlumatı təqdim edən və onun araşdırılmasına köməklik göstərən Azərbaycan Uşaqlar Birliyinin sədrinə, operativ olaraq qarşısının alınmasını təmin edən Sabunçu Rayon İcra Hakimiyyətinə fakta həssaslıqla yanaşan hər kəsə təşəkkür edirik”.