Ramazan ayının başlaması ilə əlaqədar paytaxtda fəaliyyət göstərən əksər restoranlarda oruc tutmuş şəxslər üçün xüsusi olaraq imsak və iftar menyuları təklif edilir. Menyulardakı çeşidlər qiymətləri kimi də fərqlidir. Qiymətlər əsasən restoranlara və təklif edilən təamlara görə dəyişir. Bir restoranda müxtəlif qiymətə bir neçə menyu da təqdim olunur.
İmsak menyusunun qiymətləri əksər restoranda ortalama olaraq adambaşına 15 manatdır. İftar menyusu qiymətləri isə minimum 12-25, maksimum isə 60-80 manatadək təklif edilir. Məsələn, “Günaydın” restoranında iftar menyusu bir nəfər üçün 80 manatdır. Daha bahalı iftar süfrələri təklif edən restoranlarla da rastlaşmaq mümkündür. Menyuya müxtəlif salat növləri, isti yeməklər, şorba, içkilər, qarnir və desertlər, meyvələr, xurma və s. daxildir.Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Elvüsal Məmmədov bildirib ki, Ramazan nəfsin tərbiyə ayıdır və bu baxımdan iftar süfrələrinin də çox təmtəraqlı, zəngin olması məqsədəuyğun deyil: “Bu, Ramazanın fəlsəfəsi ilə bağlı tərəfidir. Çünki Ramazan tərbiyə ayıdır və biz bu ayda nəfsimizi, mənəviyyatımızı tərbiyə edirik. Nəfs çox yemək istəyir, amma biz onu tərbiyə etməliyik. İkinci məsələ isə tibbi nöqteyi-nəzərlə əlaqədardır. Axşam saatlarında mədəni bu qədər qida ilə yükləmək orqanizmə mənfi təsir göstərir. Buna görə də yaxşı olar ki, həm Ramazanın fəlsəfəsini əsas götürək, həm də tibbi nöqteyi-nəzərdən çıxış edərək bu cür zəngin menyulara meyl göstərilməsin. Restoran sahibləri də daha çox satmaq və daha çox qazanmaq istəyirlər. Bu, onların şəxsi işidir. Ancaq pulu ödəyən tərəf bizik. Buna görə də iftar süfrələrinin təşkilində sadəliyə önəm verək, nəfsimizi tərbiyə edək və Ramazanı mənəvi cəhətdən hiss edək. Elə edək ki, Ramazan bizim üçün ilahi mövsüm olsun, nəinki əlavə qidalanma ayı”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib ki, yüksək qiymətə iftar menyusu təklif edən restoran sahibləri Ramazanı xüsusi olaraq öz şəxsi bizneslərinin möhkəmlənməsi üçün sui-istifadə edirlər: “Müqəddəs Ramazan ayı mərhəmət, rəhmət və şəfqət ayıdır. Bu ay insanların könül dünyasında mənəvi paklaşmaq üçün ilahi bir fürsətdir. Ancaq təəssüflər olsun ki, ölkəmizdə bəzi iş adamları, özəl sektorlar bu fürsəti yanlış anlayıblar. Onlar öz şəxsi bizneslərinin möhkəmlənməsi üçün bu aydan sui-istifadə edirlər. İftar süfrələrinin restoranlarda təşkil olunması və daha çox müştərinin gözlənilməsi normaldır. Ancaq Ramazan ayını şəxsi mənafeləri üçün istifadə etmək İslamın gətirdiyi qaydalarla ziddiyyət təşkil edir. Çünki Ramazan ayı mənəvi paklaşma, mənəvi mühitin formalaşması üçün çox gözəl bir münbit şəraitdir. İnsanların günahlarının bağışlanması, bol-bol tövbələr etməsi, xeyir-savab əməllərdə yarışması əsrlərdən gələn Azərbaycan xalqının yaddaşına həkk olunub. Amma təəssüflər olsun ki, böyüyən dünyanın bir parçasına çevrilən Azərbaycanda Ramazan ayı gələndə iş adamları, xüsusilə iftar süfrələri təşkil edən restoranların israf doğan menyularına rast gəlirik. İsraf da Allahın qətiyyətlə rədd etdiyi əməllərdən biridir. Çünki Allah Qurani-Kərimdə buyurur ki, yeyin, için, ancaq israf etməyin. Allah israf edənləri sevməz”.
S.C.Əzimbəyli bildirib ki, bahalı menyu təklif edən restoranlar insanlarımızı həm israfa sövq edirlər, digər tərəfdən də onların dini duyğularından istifadə edərək bu ayı özləri üçün ilahi fürsət deyil, özlərinin biznesinin fürsəti kimi dəyərləndirirlər: “Bu da həm milli, həm də dini dəyərlərimizə qarşı hörmətsizlikdir. Allahın mərhəməti qədər qəzəbi də şiddətlidir. Sevgili vətənimizdə insanlar müqəddəs dəyərlərimizi özlərinin pul, sərvət qazancına alət etməsinlər. Çünki ilahi ziyafət Allah qonaqlığıdır. Allah qonaqlığını bu hala gətirmək İslamın qətiyyətlə rədd etdiyi bir əməl, utancverici hərəkətdir. Menyular var ki, bir nəfər üçün 50, 70, 80 manatdır. Əgər bir şəxs oruc tutursa, bunu çoxlu yemək üçün etmir. İnsan ac qalmaqla ac qalanların halını yaşayır, bunun sosial yardımlaşma heysiyyatı var. İnsan sosial yardımlaşma məqamına çatdıqda, öz ruhi məqamının təminatını alır. Belə olan halda həmin şəxs acın halını yaşayır. Gün çıxandan gün batana qədər insan ac qaldıqda təkcə bol-bol tövbələr etmir. Tövbələrlə bərabər “demək ki, mənim yeməyə çörəyim var, ruzim var, amma qarşı tərəfdə çörəyi olmayan bir adam ac qalmaqla gör hansı anları yaşayır, necə zillətlərə məruz qalır” deyə fikirləşir. Yoxsa insan niyə özünə məhdudiyyət qoysun və ac qalsın”.
Seyid Camal Əzimbəyli əlavə edib ki, Allah qonaqlığını öz şəxsi biznesinə qurban vermək Allaha qarşı gəlmək əməlidir: “Bu, ən böyük günahlardan biridir və insanlarımızı bu cür günahlardan geri çəkilməyə çağırıram”.
O, restoranlarla yanaşı, bəzi insanların evlərində belə israfa yol verdiklərini qeyd edib.
Millət vəkili Fazil Mustafa iftar süfrələrinin daha çox evdə təşkil edilməsinı üstünlük verdiyini deyib: “Ancaq elə dostlar çevrəsi var ki, bunu evdə təşkil etmək alınmır və hansısa kənar yerdə gerçəkləşdirirsən. Buna görə də hər şey insafla olmalıdır. Hansısa bir restoranı da qınamaq istəmirəm. İsrafçılığa yol vermədən daha mütəvazi süfrələrin aşılmasını həyata keçirmək lazımdır. Müəyyən yerlər var ki, orada menyuda yemək çeşidlərini həddindən artıq çoxaldıblar. Bu da çox səviyyəsiz bir iftar tədbirinə, daha çox qarın doyurma prosesinə çevrilir. Halbuki iftar əsasən adamın danışıb-görüşdüyü, söhbət elədiyi və yüngülvari yemək yediyi bir yerlərdir. Yəni menyuların mürəkkəbləşdirilməsinə ehtiyac yoxdur. İstəsələr çeşidi azalda bilərlər. Çünki mürəkkəbləşdirməklə yanlış edirlər”.
Fazil Mustafa kafe və restoranların insanların durumundan bu şəkildə istifadə etməyi doğru hesab etmir: “Hər halda insanlar ibadətlərini evdə həyata keçirə bilərlər. Biz də məcbur olmadıqca, restoranlarda iftar süfrəsi təşkil etmirik. Ancaq elə olur ki, idman komandamızla birlikdə iftarı açmağa ehtiyac olur, buna görə də restorana getmək lazım olur. Amma gərək restoran və kafelər xeyirli iş görmək istəyirlərsə, qiyməti aşağı salmalı və menyunu ağırlaşdırmamalıdırlar. Yəni onlar gəlirlərini ibadət edən insanların cibindən çıxarmamalıdırlar. Təbii ki, pul ödənməlidir, əziyyət çəkirlər, yemək hazırlayırlar. Amma bunu həm də bir savab olaraq görməlidirlər və insanları çox yükləməməlidirlər”.
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, restoranlarda təklif olunan iftar və sahur menyularında çeşidin çox olmasına, böyük təmtəraqa ehtiyac yoxdur. Onun sözlərinə görə, Ramazan ayında çoxlu qida qəbul etmək zərərlidir: “İftar süfrələrində çoxçeşidliliyə gərək yoxdur. Sadə, o qədər baha olmayan menyu ilə də tam sağlam iftar süfrəsini təşkil etmək olar. İlk olaraq su və xurmanı əsas götürürüksə, ondan sonra bir növ şorbalardan istifadə etmək olar. Eyni zamanda mütləq şəkildə mövsümi tərəvəzlərdən ibarət olan lifli qidalar şəklində salat və bir isti yemək kifayət olur. Bundan sonra, əgər sahur vaxtında çərəzlərdən istifadə etməyibsə, vitamin və mineralları tam alması üçün bir insanın ovuc içini keçməyənə qədər çərəzlərdən istifadə etməsi məsləhətdir. Ancaq bu, sahurda olsa daha yaxşı olar. Yəni iftarda hər yeməkdən bir çeşid qəbul etsələr daha sağlıqlıdır, nəinki qarmaqarışıq şəkildə və həddən çox yemək çeşidini qəbul etmək. Çünki 16-18 saat ac qalan mədə bu qədər çeşidliliyi həzm edə bilmir. Buna görə də maddələr mübadiləsində yavaşıma baş verir və gələcəkdə mədə-bağırsaq xəstəlikləri ilə üzləşə bilərlər”.
Qeyd edək ki, aprelin 2-dən Azərbaycanda Ramazan ayı başlayıb. Şəvval ayının 1-i, mayın 2-də ölkəmizdə Ramazan (Fitr) bayramı qeyd olunacaq.
Gununsesi.info