Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanıldılar

  • By admin
  • 23 İyun 2018 13:04
 

Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Gununsesi.info  Modern.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən pul, kosmetik əşyalar və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Larkov saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Rəsulova məxsus “VAZ-2107” markalı avtomobildən 349 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Əsədov saxlanılıb.

Qeyd edilən faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır.