Bakıda “Baron İbo” TUTULDU

  • By admin
  • 12 Mart 2018 15:49

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər  saxlanılıb.

Bu haqda Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Əməliyyat nəticəsində Balaxanı qəsəbə sakini Nicat Məmmədov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 bükümdə çəkisi 2,519 qram qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı N.Məmmədova narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib və məlum olub ki, o heroini İbrahim adlı tanımadığı şəxsdən alıb. Əməliyyat-axtarış tədbiri nəticəsində bir müddətdir ki, Balaxanı qəsəbəsi və ora yaxın ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən, “Baron İbo” ləqəbli İbrahim Hüseynov da saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan zaman İ.Hüseynovun cibindən 2,308, yaşadığı evdən isə hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan 515 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Gununsesi.info