Bakıda Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunub - 4 SƏFİRİN TƏŞKİLATÇILIĞI İLƏ

  • By admin
  • 05 Dekabr 2024 11:42

Dünən Bakıda Avropa İttifaqı, Böyük Britaniya, ABŞ və   İsveçrə səfirliklərinin birgə təşkilatçılığı ilə 10 Dekabr- İnsan Haqları Günü münasibətilə qəbul təşkil olunub.

 

Gununsesi.info-nun xəbərinə görə, qəbulda çıxış edən Avropa İttifaqının Bakıdakı səfiri Peter Mikalko Beynəlxalq İnsan Hüquqları Gününün mühüm tarixi hadisə olduğunu deyib:

“Son bir neçə ildə Aİ Nümayəndəliyi və ən yaxın tərəfdaşlarımız Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş dəyərlərin əhəmiyyətini təsdiqləmək üçün eyni səhnəni paylaşır. Buna görə də fürsətdən istifadə edib, bu tədbiri bizimlə birgə təşkil etdikləri üçün İsveçrə, Böyük Britaniya və ABŞ səfirlərinə səmimi təşəkkürümü bildirirəm.

Builki BMT-nin İnsan Hüquqları kampaniyasının “Hüquqlarımız, Gələcəyimiz, elə indi” mövzusu xüsusi əhəmiyyət kəsb edir. Çünki, həlli üçün artıq vaxtın olmadığı  fövqəladə halla üzləşirik. 1945-ci ildən bəri olan münaqişələrin sayı bugün ən yüksəkl nöqtəyə çatıb. Təəssüf ki, müharibə və münaqişələr zamanı insan haqlarının ən pis pozulmasına səbəb olur”.

 

Aİ səfiri daha sonra COP29 haqqında da danışıb.

Onun sözlərinə görə, Azərbaycan bu il COP29-a ev sahibliyi etməklə iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayıb: “Burda Aİ və ona Üvz Dövlətlər qlobal istiləşməni 1.5 dərəcədən aşağı səviyyədə saxlamaq öhdəliyini bir daha təsdiq edib. Əminəm ki, bu məkanda olan bir çoxunun COP29-un iqlimlə bağlı uğurlu danışıqlarla yanaşı , insan hüquqları sahəsində də müsbət nəticələr verəcəyinə dair gözləntiləri var idi. Lakin iqlim konfransı başa çatdıqdan və projektorlar söndürüldükdən sonra, həbsdə olan jurnalistlər, siyasi fəallar, hüquq müdafiəçilərinin azadlığa buraxılması üçün aparılmış bütün beynəlxalq kampaniyalara baxmayaraq, həbslər davam etdi. Biz Azərbaycan hakimiyyətini bir daha öz fundamental hüquqlarından istifadə etdiyinə görə həbs edilmiş bütün şəxsləri azadlığa buraxmağa çağırırıq”.

Həbsdə olan fəalların adlarını sadalayan səfir hüquq müdafiəçisi Rüfət Səfərovun da həbsinə toxunub: “Rüfət Səfərov da dünən həbs edilərək, bu siyahıya əlavə olunub”.  

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld isə çıxışını belə başlayıb:

Mən, Aİ Nümayəndəliyinə, ABŞ Səfirliyinə və İsveçrə Səfirliyinə minnətdaram, çünki bizim hamımız üçün vacib olan bu tədbiri qeyd etməyə ardıcıl ikinci ildir ki, bir araya gəlirik.

Azərbaycan üçün 2024-cü il COP29 tədbiri ilə yadda qalan il olub. Bu danışıqlar və onların ətrafında aparılan müzakirələr bizim dayanıqlı gələcək üçün istiqamətimizi müəyyən edir. Onların uğuru təkcə hökumətlərin deyil, vətəndaş cəmiyyəti qruplarının, bizneslərin, alimlərin və jurnalistlərin dərin təcrübə və innovasiyalar təqdim etməsi və hesabatlılıq və çağırışda əsas rol oynaması ilə bağlıdır. Onların fikir müxtəlifliyi bir gücdür.

Böyük Britaniya hökuməti hesab edir ki, eyni prinsip Azərbaycanda inklüziv və davamlı inkişafın təşviqində də keçərlidir, ona görə də heç kim geridə qalmamalıdır. 2024-cü ildə Britaniya səfirliyi sivil və siyasi hüquqları müdafiə etməyə davam etdi, biz hökumətlə fərdi insan hüquqları hallarını və geniş insan hüquqları məsələlərini əhatə edən dialoqu davam etdirdik.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və Avropa Şurasının İnsan Hüquqları üzrə Avropa Konvensiyasında əks olunmuş əsas prinsiplər demokratik hökumətlərə və onların vətəndaşlarına birgə işləməyə imkan verir. Zorakılıq təhdidi, ayrı-seçkilik, hüquqi tədbirlər və ya stiqma təhlükəsi uğurlu cəmiyyətləri birbaşa təhdid edir.

Mən heyfslənirəm ki, Azərbaycandakı hüquq müdafiəçiləri üçün bu qruplaşmada sonuncu görüşümüzdən keçən bir il ərzində vəziyyət yaxşılaşmayıb və müəyyən mənada daha da pisləşib. Mən çox təəssüf edirəm ki, keçən il bu tədbirdə bizə qoşulan bəzi tərəfdaşlar, məsələn, Ələsgər Məmmədli hazırda həbsdədir və bəzi hüquq müdafiəçilərinin istintaqı və ya məhkəmə prosesləri qeyri-müəyyən müddətə uzanır. Hörmətli həmkarlarımın qeyd etdiklərinə əlavə olaraq hazırda həbsdə olan digər şəxslərin də adlarını çəkmək istərdim: Ülvi Həsənli, Məhəmməd Kekalov, Hafiz Babalı, Nazim Bəydəmirli və İqbal Əbilov.

Aprel ayında Dr.Qubad İbadoğlunun ev dustaqlığına, sonra isə polis nəzarətinə verilməsi xəbərini müsbət hal kimi alqışlasaq da, biz onun müvafiq tibbi xidmət və lazımi məhkəmə prosesindən istifadə imkanını hakimiyyət orqanları ilə müzakirə etməyə davam edirik.

Azərbaycanın inkişafı naminə cəsarət və vətənpərvərlik tələb edən mühüm işinizə görə hamınızı təbrik edirəm. Sözünlə işin bir olsun”. 

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi isə çıxışında deyib ki, 1948-ci ildə BMT-də qəbul olunmuş İnsan Hüquqları Günü mühüm hadisədir: “Bəyannamənin birinci maddəsində deyilir: Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var. Bir birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar. Sadədir, amma dərindir”.

 

Səfir deyib ki, rəhbər və dövlətin verdiyi hüquqlar yox, doğuşdan hər kəsin malik olduğu ayrılmaz hüquqları var: “Dünya 1948-ci ildən bu yana böyük irəliləyiş əldə edib. Biz ötən 76 il ərzində insan hüquqlarının müdafiəsi və genişləndirilməsi , fərqlələr dözümlülük, demokratik idaretmə formalarının yayılması, təhsilin daha əlçatan olması, qanunun aliliyinin qəbul olunmasına doğru vacib addımlar atmışıq”.

Daha sonra bu tədbirə qatıla bilməyən jurnalistlərin, hüquq müdafiəçilərinin adını çəkən Mark Libbi onların həbsdə olmasından təəssüfünü ifadə edib.

Səfir Azərbaycan hökumətini həmin şəxsləri azad etməyə çağırıb.

İsveçrə Səfiri Thomas Stahli də insan hüquqlarının əhəmiyyətindən danışıb. Ölkəsinin dünyada insan hüquq və azadlıqlarına mühüm əhəmiyyət verdiyini deyən diplomat bildirib ki, oktaybrda İsveçrə dördüncü dəfə İnsan Hüquqları Şurasına üzv seçilib və 2025-ci ilin yanvarından 2027-ci ilin sonuna kimi fəaliyyət göstərəcək.

“Bizim əsas prioritetimiz ölüm hökmünün, ümumbəşəri işgəncənin qadağan olunması, azlıqların və qadınların hüquqlarının qadağan olunması və ifadə azadlığının təşviq edilməsdir”. 

Azərbaycanda insan haqlarının durumuna da toxunan səfir bu sahədə baş verənlərdən təəssüfünü ifadə edib. O, həbsdə olan bir sıra jurnalistlərin və hüquq müdafiəçilərinin adını xatırladaraq, onlara azadlıq istəyib.

 

Afət Abbasova

Gununsesi.info