Bakıda BQXK-nın təşkilatçılığı ilə konfrans keçirildi

Bu gün Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Günü ilə əlaqədar “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfrans keçirilib.

Gununsesi.info xəbər verir ki, toplantıda Prezident Adminstrasiyasının və aidiyyəti dövlət qurumlarının əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, dini konfessiyalar, qeyri-hökumət təşkilatları və diaspora nümayəndələri, jurnalistlər və itkin düşmüş şəxslərin ailələri iştirak edib.

HTML tutorial

Konfransın moderatoru Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib ki, 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş qərara əsasən, 30 avqust hər il dünyada itkin düşmüş şəxslər günü kimi qeyd edilir.

Onun sözlərinə görə, bu günün qeyd edilməsinin əsas məqsədi silahlı münaqişələr, təbii fəlakətlər, zorakılıq halları və miqrasiyalarla bağlı itkin düşmüş insanların xatirəsinin yad edilməsi, zorakı itkindüşmə hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsindən ibarətdir: “Tarix boyu, xüsusən də son yüz ildə baş vermiş, hazırda da davam edən silahlı münaqişələr nəticəsində dünyanın bir sıra qaynar bölgəsində milyonlarla insan həyatını itirmiş, itkin düşmüş, əzab və işgəncələrə məruz qalıblar. Təəssüflə qeyd etmək lazımdır ki, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində respublikamız da geniş miqyaslı humanitar fəlakətlə üzləşib. Xüsusən də intensiv hərbi əməliiyatların başladığı 1991-ci ilin sonundan etibarən mülki əhali öz ata-baba yurdlarından qovulub, girov götürülüb, əzab-əziyyətlərə məruz qalmış və itkin düşüblər. Dövlət Komissiyası yaradıldığı 1993-cü ildən etibarən Azərbaycan Respublikasının qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələbləri ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq şəraitində işləyib. Diqqətinizə çatdırmaq istəyirəm ki, iştirakçısı olduğunuz bugünkü konfrans da BQXK ilə birlikdə hazırlanmışdır. Mən təşkilati işlərdə əməkdaşlığa və göstərdiyi dəstəyə görə BQXK-nın Azərbaycandakı Nümayəndəliyinə minnətdarlığımı ifadə edirəm”.

Sonra çıxış edən Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl söyləyib ki, Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb: “Bildiyimiz kimi, Edilli və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. Artıq münaqişə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxışında Azərbaycanda İtkinlər Gününün təsis olunmasını təklif edib: “Son 30 ildə azərbaycanlı itkinlərlə bağlı beynəlxalq konfranslar təşkil olunmayıb. Torpaqlarını azad etmiş Azərbaycana beynəlxalq donor təşkilatları yardım göstərmir. Cinayətkarların təqibindən isə söz getmir. Müharibə üzrə xüsusi prokurorluqların və məhkəmələrin təsis edilməsi vacibdir. Ancaq Qərb dövlətlərinin Minsk qrupunu dirçəltmək cəhdi fərqli tendensiyadan xəbər verir. Mülki və hərbi cinayətkarlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən sonra aramızda sərbəst gəzə bilməməlidir”.

BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koiç isə bildirib ki, 3800-ü Azərbaycan vətəndaşı olmaqla, hazırda dünyada 250 min itkin düşmüş şəxs var: “BQXK üzərində düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Biz itkin ailələri ilə həmrəyik. Azərbaycanın aidiyyatı qurumlarına da götürdüyü öhdəliklərə və gördükləri işə görə təşəkkür edirəm. Mən keçən həftə bu vəzifəyə təyin olunmuşam. Biz birlikdə daha çox iş görə bilərik”.

İsmayıl Axundov nəzərə çatdırıb ki, Beynəlxalq Qızıl Xaç Komitəsi və İsveçrənin təşəbbüsü ilə 2021-ci ilin may ayında “İtkin düşmüş şəxslər üçün Qlobal Alyans” yaradılıb və cari ilin yanvar ayında respublikamız bu təşəbbüsə qoşulub: “Aprelin 7-də Qlobal Alyansın ilk iclası keçirilib. Alyansa indiyədək qoşulmuş 10 dövlətin nümayəndələrinin iştirak etdiyi iclasda son illərdə dünyada baş vermiş silahlı münaqişələr və digər fəlakətlər nəticəsində itkindüşmə hallarının çoxaldığı və qlobal problemə çevrildiyi, bu sahədə beynəlxalq təcrübə mübadiləsinin aparılmasının, qlobal və regional miqyaslı tədbirlərin keçirilməsinin zəruriliyi vurğulanıb”.

İ.Axundov nəzərə çatdırıb ki, ötən il Dövlət Komissiyasının müraciəti əsasında Baş nazirin tapşırığı ilə “Meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət” yaradılıb: “Bu günkü konfransda həmin heyətin üzvləri məhkəmə-tibbi ekspertiza və eyniləşdirilmə prosesi ilə məşğul olan aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak edir. Onlar bu sahədə vəziyyət və itkin düşmüş şəxslərlə bağlı aparılan işlər barədə iştirakçılara məlumat verəcək”.

Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov azad edilmiş ərazilərdə tikinti-bərpa işləri zamanı aşkarlanan insan qalıqlarının Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən götürüldüyünü söyləyib: “Bu zaman insan sümükləri qarışıq formada götürülmüşdü, bu da bir sıra çətinlkilər yaratdı. Ona görə də Baş nazirin tapşırığı ilə “Meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət” yaradıldı”.

Ə.Həsənov bildirib ki, Birinci Qarabağ Müharibəsində Bakı, Gəncə, Sumqayıt şəhərlərində və 9 rayonunda dəfn edilmiş naməlum şəhid meyitləri də müayinə edilib, həmişəki yerlərdə basdırılıb: “Müayinələr zamanı ölümün səbəbi və mexanizmi araşdırılır. Bizə təqdim edilmiş sümük qalıqlarının məhkəmə-tibbi ekspertizası başa çatıb”.

Daxili İşlər Nazirliyinin Kriminalistik tədqiqatlar İdarəsinin rəisi Elnur Nəsibov qeyd edib ki, 543 şəhdimzin və insan qalıqlarının şəxsiyyətinin müəyyən edilməsi 543 genetik ekspertiza tədbiri vasitəsi ilə həyata keçirilib: “Birinci Qarabağ müharibəsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən iktin düşmüş şəxslərin yaxınlarından bioloji nümunələr götürülüb. BQXK tərəfindən götürülmüş bioloji nüumnələrin 2013-cü ildən götürülməsinə baxmayaraq, bu gün də DNT analizi üçün həddindən artıq effektivdir. Eyni zamanda münaqişə olan ərazilərdə aşkar edilmiş Birinci Qarabağ müharibəsi zaman basdırılmış insan qalıqlarından əldə olunmuq nümunələr Daxili İşlər Nazirliyinin DNT Ekspertizası Laboratoriyasına təqdim olunur”.

Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Ağayev qeyd edib ki, azad edimliş ərazilərdə aparılan aparılan tikinti-bərpa işləri zamanı 18 müxəlif yerdə ən azı 29 şəxsə aid meyit qalıqları aşkar edilib.

Daha sonra I Qarabağ və Vətən müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərinə Fəridə Cabbarova və Bayram Salamova söz verilib.

İsmayıl Axundov bu yaxınlarda itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı abidənin yaradılmasına dair bir qrup itkin ailəsinin ölkə rəhbərliyinə müraciətinə də toxunub: “Bu məsələ Dövlət Komissiyasının 17 iyun 2022-ci il tarixdə keçirilmiş iclasında ətraflı müzakirə edilib. İclasda qərar qəbul edilib ki, I Qarabağ və Vətən müharibələrində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi, o cümlədən ekshumasiya proseslərində müəyyən edilmiş meyit qalıqlarının eyniləşdirilmədən sonra dəfn edilməsi üçün Bakı şəhərində və ya işğaldan azad olunmuş rayon mərkəzlərində memorial komplekslərin yaradılması məsələsinə baxılması üçün təkliflər hazırlansın”.

O, tədbirdə Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbər şəxslərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsindən istifadə edərək, bir daha I Qarabağ və Vətən müharibəsində hər iki tərəfdən itkin düşmüş şəxslərlə bağlı Ermənistanı Azərbaycanla əməkdaşlığa dəvət edib: “İtkin düşmüş şəxslərin sonrakı taleyinə yalnız konstruktiv əməkdaşlıq nəticəsində aydınlıq gətirmək mümkündür”.

Toplantıda Qlobal Alyansın tədbirə ünvanladığı videomüraciət dinlənilib.

Həmçinin BQXK tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Gununsesi.info