Bakıda Tarix Muzeyində saxlanılan İslam bayrağının fotosu yayılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev sosial şəbəkədə paylaşıb.
O qeyd edib ki, hazırda Tarix muzeyində saxlanılan bayraq İslam dünyasına aid dövlətlər içərisində ancaq Azərbaycanda istifadə edilib.
Dördkünc formalı qəhvəyi məxmərdən tikiş maşınında tikilmiş bayraq qumaşının (ölçüləri:113 x 85,5 sm) tən ortasına güləbətin saplarla dördbucaqlı çərçivə, onun ətrafına isə güləbətindən qızılı bafta salınıb.
Çərçivənin ortasına çəhrayı məxmərdən qurama üsulu ilə ağızları yuxarıya baxan, iç-içə yerləşdirilmiş iki Ayparanın ortasına beşğuşəli ulduz işlənilib. Bayrağın kənarlarına və çərçivənin içəri künclərinə qəhvəyi qaytanla ərəb dilində müxtəlif dini ifadələr yazılıb.
Çərçivənin içərisində 4 Raşidi xəlifənin adları, kənarlarında isə ərəb dilində “Allahdan başqa ilah yoxdur, Məhəmməd onun elçisidir” – tövhid kəliməsi, Qurani-Kərimin “Ali İmran” surəsinin 126-cı ayəsindən “Zəfər Allahdandır” ifadəsi və “Fəth” surəsinin 1-ci ayəsi (“Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik…”) yazılıb.
Zaur Əliyev qeyd edib ki, XIX əsrin sonlarına aid olan bu bayraq 1949-cu ilin dekabr ayında Bakı şəhərinin sakini A.I.Qubanova tərəfindən Tarix muzeyinə bağışlanıb.
Gununsesi.info