Bakıda daha bir küçə təmirə dayandı - FOTO

  • By admin
  • 28 Dekabr 2016 11:35

xatai-1

Paytaxtın Xətai rayonu ərazisindəki Süleyman Vəzirov küçəsinin təmiri işlərinə başlanılıb.

Təmir işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, məqsəd vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir. Sözügedən küçənin uzunluğu 700 metr, eni 11 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü ikiqat olmaqla yenisi ilə əvəz olunacaq. Bundan başqa, piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulacaq, mövcudları isə bərpa olunacaq. Səth sularının yolun hərkət hissəsindən kənarlaşdırılması məqsədilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları qoyulacaq.

Hazırda təmir işlərinin aparıldığı ərazidə yeni yeraltı kommunikasiya xətləri çəkilir. Aidiyyəti qurumlarla kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyünün qısa müddət ərzində sıradan çıxmasının qarşısını almış olacaq.

Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan təmir işləri zamanı 8 min kvadratmetr sahənin asfaltlanması, piyada səkilərinin kənarlarına isə 1500 poqonmetr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Gununsesi.info