Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının dostunu bıçaqlamaqda təqsirləndirilən Gülnar Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə G.Məmmədovaya 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, istintaq dövründə həbs edilmədiyi üçün sərbəst qalıb.
Qeyd edək ki, hadisə 2017-ci il sentyabrın 26-da Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan Gülnar Mirqasım qızı Məmmədova aralarında yaranmış mübahisə zəminində həyat yoldaşının tanışı Azad Əmir oğlu Quliyevi bıçaqlayıb.
Qadın evinə gələn qonağı bıçaqladıqdan sonra təcili tibbi yardıma zəng edib. Dərhal xəstəxanaya çatdırılan Azad Quliyev əməliyyat olunub və onun həyatını xilas etmək mümkün olub.
İttiham aktına əsasən, A.Quliyev G.Məmmədovanın evində olarkən tanışı ilə telefonla danışan zaman söyüş söyüb. Bu barədə G.Məmmədova ona xəbərdarlıq edib və uşağının yanında söyüş söyməməsini istəyib, lakin qonaq ev sahibinin sözlərinə məhəl qoymayıb. Qadın mətbəxdən bıçaq götürərək A.Quliyevin döş qəfəsindən xəsarət yetirib.
Gununsesi.info