Bakıda həyat yoldaşını amansızlıqla öldürən şəxsə hökm oxundu

  • By admin
  • 17 Dekabr 2021 19:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Meyxoş Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Gununsesi.info xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il iyulun 24-ü saat 11 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri,1977-ci il təvəllüdlü M.Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı X.Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

M.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki ki, cütlüyün 3 uşağı olub. Məlumata görə, qadın və uşaqları əri tərəfindən tez-tez döyülürmüş.

Gununsesi.info