Bakıda həbsdə olan Rusiya vətəndaşlarının həbs qətimkan tədbiri uzadılıb

  • Müəllif: Orxan
  • 27 Yanvar 2026 14:21

Xəbər verdiyimiz kimi, ötən ilin iyulunda narkotik vasitələrin tranziti və kiberfırıldaqçılıq şübhəsi ilə Bakıda bir qrup Rusiya vətəndaşları saxlanılmışdı.

Gununsesi.info xəbər verir ki, Rusiya vətəndaşları barəsindəki həbs-qətimkan tədbirinin müddəti daha üç ay artırılıb.

Sözügedən məlumatı Sergey Sofronovun vəkili Bəhruz Bayramov da saytımıza açıqlamasında təsdiq edib.

Onu da bildirilir ki, saxlanılan şəxslər arasında müxtəlif ixtisas sahibləri – proqramçılar, psixoloqlar və hətta tanınmış startap təsisçiləri də var.

Onlar kimlikləri haqqında da qısa məlumatları təqdim edirik:

Sergey Sofronov – 23 yaşlı gənc Çerepovetsdə anadan olub, AMTEK Liseyinin kadet sinfini bitirib. 2020-ci ildə Kalininqrada köçərək Kant Universitetində təhsil alıb. 2022-ci ilin oktyabrında səfərbərlik başlayandan sonra əvvəlcə Qazaxıstana, daha sonra isə Azərbaycana gəlib.

Anton Draçev – Onlayn kimyəvi təmizləmə xidmətləri təqdim edən rus startapı “Airo”nun yaradıcısıdır. 41 yaşı var.

Dmitri Bezuqli – Sankt-Peterburqdan olan 30 yaşlı proqramçıdır. Narkotik tranziti və kiberfırıldaqçılıq işinə görə saxlanılıb.

Dmitri Fedorov – 22 yaşlı rusiyalı Sankt-Peterburqda Memarlıq və İnşaat Universitetində təhsil alıb.

Aleksandr Vaysero – 35 yaşlı Yekaterinburqdan olan turistdir. Onun məhkəmə prosesində iştirak etmədiyi, kamerada görünmədiyi qeyd olunur.

Valeri Dulov – 38 yaşlı developer Arxangelskdə anadan olub. Neft mühəndisliyi sahəsində fəaliyyət göstərib, sonradan “Qazpromneft”də developer kimi çalışıb. 2022-ci ildə Rusiya sərhədini keçərək Qazaxıstana, oradan da Azərbaycana gəlib.

Aleksey Vasilçenko – 25 yaşlı psixoloq Norilskdə anadan olub. Sankt-Peterburqda yaşayıb, Azərbaycana turist kimi gəldiyi bildirilir.

Onu da xatırladaq ki, adıçəkilən şəxslər Rusiyada Azərbaycan vətəndaşlarının xüsusi amansızlıqla öldürülməsindən sonra Bakıda keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Elmar

Gununsesi.info