Bakıda kişi saxta pulla mobil telefon alıb

  • By admin
  • 14 Yanvar 2020 17:10

Saxta manatın yayılması ilə bağlı daha bir fakt ötən gün Bakının Nərimanov rayonunda aşkar edilib.

Bu barədə Gununsesi.org-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

17-ci Polis Bölməsinə paytaxt sakini 26 yaşlı Abil Manaflı şikayət edib.

Gənc cib telefonunu satmaq qərarına gəldiyini bildirib. Uzun müddət bir alıcı axtarmağa ehtiyac olmayıb, çox keçmədən bir nəfər A.Manaflı ilə əlaqə saxlayaraq onunla razılığa gəlib.

Gənclər yanvarın 12-si, saat 21:45-də Əhməd Rəcəbli küçəsində, 36 nömrəli binanın yaxınlığında görüşüblər. Naməlum şəxs A.Manaflıya 200 manat məbləğində üç əskinas verib, mobil telefonu götürüb gedib.

Zərərçəkmiş aldığı pulun saxta olduğunu biləndə çox gec olub.

Hazırda əməliyyat-axtarış müvəkkilləri saxta pul yayan şəxsin tutulması üçün tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, yanvarın 11-də Binəqədi rayonu ərazisində, Dərnəgül kəndində İsmixan Əzimova məxsus mağazada naməlum şəxs saxta yüz manat ödəyərək alış-veriş edib.

Faktla bağlı heç kim tutulmayıb.

2019-cu ilin dekabr ayında Binəqədi rayonunda ən böyük nominallı əskinasın saxtalaşdırılması ilə bağlı ikinci hadisə qeydə alınıb. Binəqədi şosesində yerləşən mağazada alıcı saxta 200 manat əskinas ödəyib.

Gununsesi.org