Bakıda kitabxana niyə bu vəziyyətə düşüb? -FOTO

Bakının Xəzər rayonu, M. Əzizbəyov adına Buzovna kitabxanasının acınacaqlı vəziyyətdə olması ilə bağlı məlumat və fotoşəkillər yayılıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Nigar Köçərli sosial şəbəkə hesabında paylaşım edib.

HTML tutorial

O qeyd edib ki, 95 illik tarixi olan bu unikal kitabxana 10 il əvvəl təmir olunsa da, kitabxanada istilik yoxdur: “Bina da, kitablar da çürüyür. Şəkilləri mənə bizim dəyərli müştərimiz göndərib. Kitabxanaya yeni aldığı kitabları ianə etmək istəyib, lakin belə dəhşətıi mənzərə ilə rastlaşıb”.

Problemlə bağlı M. Əzizbəyov adına Buzovna kitabxanasının müdiri Ülviyyə Xudaverdiyeva ilə əlaqə saxladıq. O, kitabxanada artıq neçə ildir istilik olmadığını təsdiqlədi. Bildirdi ki, bu səbəbdən kitablar nəmlənir. Ü.Xudaverdiyeva əlavə edib ki, artıq Bakı şəhər Mədəniyyət Baş İdarəsində problemdən xəbərdardırlar: “Kitabxananın binası 2006-cı ildə təmir olunub. O vaxtdan istilik yoxdur, bir otağa yığışıb otururuq. Brtıq gəlib baxıblar, siyahıya salınıb. Bildirilib ki, bu yaxınlarda təmir olunacaq. Hələ ki, təmir üçün kifayət qədər vəsait yoxdur”.

Bir neçə il əvvəl təmir olunan binanın döşəməsinin çürüməsinə gəlincə isə, kitabxana müdiri qeyd edib ki, kitabxana binasının 95 yaşı var. Köhnə döşəmənin üzərinə yeni laminat vurulsa da, nəmişlik döşəməni çürüdüb: “Həmçinin kitab rəfləri də döşəməyə ağırlıq saldığından döşəmə çöküb. Kitablar elə də yararsız hala düşməyib, ələ götürəndə nəm iyi hiss olunur. Pəncərələri açırıq ki, nəm iyi dağılsın”.

Məsələ ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinə də müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, artıq kitabxana ilə bağlı tender elan olunub: “Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi əvvəlcədən məlumatlıdır. Bakı şəhər Mədəniyyət Baş İdarəsi bununla bağlı qüsur aktı tərtib edib və tender elan olunub. Proses yekunlaşdıqdan sonra müəssisədə təmir bərpa işlərinə başlanılacaq”.

Qeyd edək ki, 2011-ci ildən Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialı kimi fəaliyyət göstərən kitabxana 1926-ci ildə inşa olunub. Binanın ümumi sahəsi 400 kv. metrdir. 2007-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə təmir olunub.

Gülnar Əliyeva

Gununsesi.info