
Mayın 22-də Bakının Lökbatan qəsəbəsində kriminal avtoritet, 1952-ci il təvəllüdlü Baləhməd Əliməmməd oğlu Baləhmədov (kriminal aləmdə daha çox “Yaşka Bakinski” kimi tanınır-red.) yaşadığı mənzilində doğranaraq qətlə yetirilib.
Gununsesi.info-ya Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb və artıq faktla bağlı cinayət işi açılıb. Hadisə ilə bağlı istintaq araşdırması gedir.
İlkin məlumatlara görə, hadisə düşünülmüş şəkildə həyata keçirilib. Qeyd olunur ki, kriminal avtoritet “Yaşka Bakinski” bir neçə dəfə məhkumluq həyatı yaşayan qohumu tərəfindən qətlə yetirilib. Belə ki, dəhşətli qətl hadisəsini 1976-ci il təvəllüdlü Ağayev Elxan Baləhməd Baləhmədovun yaşadığı mənzilə gələrək törədib.
Əldə etdiyimiz məlumata görə, Elxan Ağayevin qohumluq əlaqəsi olan Baləhmədovu aralarındakı münaqişə nəticəsində qətlə yetirdiyi bəlli olub. Belə ki, Elxan Ağayev “Yaşka Bakinski”nin kriminal avtoritet olmasını qəbul etməyib və bunu şübhə altına alıb. Baləhmədov zamanında “qanuni oğru” adı alması və Rusiya həbsxanalarında kimlər tərəfindən ona bu adın verilməsini desə də, qarşı tərəf bunu qəbul etməyib. E.Ağayev buna baxmayaraq deyib ki, nə olsun, bu ad sonradan səndən alınıb və sındırılmısan. Bu isə Baləhmədovun heç xoşuna gəlməyib. B.Baləhmədovun ömrünün 38 ilinin məhkumluq həyatında yaşamasının heç də hədər getmədiyini deməsi də mənasız olub. Bu müzakirələr hətta ciddi mübahisəyə çevrilib və Baləhmədov Ağayevə bıçaq çəkərək onu yaralayıb.
Aralarında yaranan bu mübahisədən sonra E.Ağayev B.Baləhmədovdan qisas almaq qərarına gəlib. O mayın 22-də B.Baləhmədovun yaşadığı evə gəlib. Qapını E.Ağayevin üzünə elə B.Baləhmədovun ailə üzvləri açıb. E.Ağayev B.Baləhmədovu elə yatağındaca doğrayaraq öldürüb.
Onu da qeyd etmək yerinə düşərdi ki, Baləhmədov bir neçə dəfə Rusiya həbsxanalarında məhkumluq həyatı yaşasa da, azadlığa çıxıb. Son dəfə azadlığa çıxandan sonra uzun müddət ortalığa çıxmamasını görən media onun öldüyü barədə məlumat yayıb.
Gununsesi.info