

Azərbaycanlı “qanuni oğru” (kriminal aləmdə Rafiq Msallinskiy kimi tanınan-red.) Rafiq Eyvazovun Türkiyədə döyülməsi hadisəsindən sonra, bu hadisədə günahkar hesab edilən digər “qanuni oğru” Lotu Quli kimi tanınan Nadir Səlifovla arasında “qisas müharibəsi” alovlanmaqdadır. Və bu iki şəxs arasındakı “müharibə” mətbuat səhifələrində də geniş yer almaqdadır.
“Müharibə”nin xronologiyası
R.Eyvazovun Türkiyədə döyülməsinin dəqiq səbəbi məlum deyil, amma böyük ehtimalla buna səbəb azərbaycanlı kriminallar arasında son aylar qızışan “razborka”lardır.
Kriminal aləmdə “Masallı Rafiq” kimi tanınan R. Eyvazov bir neçə il bundan əvvəl həbsxanada serrozdan vəfat etmiş “qanuni oğru” Məmməd Hüseynovun (“Masallı Mamed”) uzaq qohumudur. 2013-cü ildə R.Eyvazov Bakıda silahla tutulmuşdu. O zaman Rusiyanın “Praym kraym” nəşri bu həbslə bağlı sensasion bir xəbər yayıb ki, R.Eyvazovun “taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib. Bu şərtə əsasən R.Eyvazov “qanuni oğru” adı aldıqdan sonra həbsxanaya girməli, burada isə “Lotu Quli” ləqəbli Nadir Səlifova “problem yaratmalı”ydı. İddia edilir ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, “zon”da “qanuni oğru”nun “Quli”- nin deyil, onun olduğu sübuta yetirilsin. 2013-cü il 27 marında Bakıda keçirilən əməliyyat tədbirləri çərçivəsidə 31 yaşlı Rafiq Eyvazov saxlanılıb və ondan “Makarov” tapançası götürülüb. Buna görə də 2013-cü ildə Bakıda keçirilən əməliyyatda saxlanan Rafiq Masallinskini “desant” da adlandırırlar. 2014-cü ilin oktyabrında isə onun azadlığa buraxıldığı və hətta, Masallıda toyda iştirak etdiyinə dair xəbərlər də yayılıb.
Onun hansı cəza aldığı, harada cəza çəkdiyi barədə xəbər ictimailəşməyib. Amma göründüyü kimi, R.Eyvazov hazırda azadlıqdadır və Türkiyəyə yerləşib.
Əlavə bir mənbənin dediyinə görə, Eyvazov ilk zamanlarda “Lotu Quli”nin dəstəsində olub. Ancaq sonradan aralarında ciddi fikir ayrılığı olub və aralarında narazılıq yarandığından Eyvazov Səlifovun dəstəsindən çıxıb.
Digər bir məlumata görə isə Rafiq Masallinski başqa bir azərbaycanlı “oğru”, Türkiyədə öldürülmüş “Qoca” ləqəbli Əlibala Həmidovun sayəsində titul alıb. Rafiqlə bərabər həmin “sxodka”da daha iki azərbaycanlı- Rəşad Gəncinski və Emin Hacıqabulinski “taclandırılıb”.
Onu da qeyd edək ki, R.Eyvazovun adı əvvəlcə “Ded Xasan” klanında Rövşən Lənkərasnkiyə qarşı mübarizdə daha çox çəkilib. Belə ki, “Ded Xasan” öldürülməzdən əvvəl R.Lənkərnskiyə qarşı azərbaycanlı avtoritetlərdən istifadə qərarına gəlib və bir neçə nəfəri öz tərəfinə çəkib. Onların arasında Dadaş Novxanılı, Arif Sumqayıtlı, Qruzin Vaqif, Qoca, Yunus Yasamallı ilə yanaşı Rafiq Masallinski də olub.
Niyə məhz Türkiyə…
Onun məhz Türkiyədə döyülməsi də diqqət çəkən əsas məqamlardandır və bu hadisənin bu ölkədə baş verməsi bir sıra qaranlıq məqamlardan xəbər verir.
Hadisənin Türkiyədə baş verməsini bir çoxları 2016-cı ilin avqustunda Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) İstanbulda qətlə yetirdikdən sonra bir-birlərini qəbul etməyən azərbaycanlılar arasında kriminal “razborka”-nın tərkib hissəsi kimi dəyərləndirilər. Yəni, R. Lənkəranskinin Türkiyədəki obyektləri uğrunda ciddi mübarizədə R.Eyvazovun qurban getdiyi bildirilir.
Əldə olunan məlumatlara görə, “Lotu Quli” tərəfdarları hələ ki, “Lənkəranski”nin buradakı nəzarət etdiyi obyektlərə öz iddialarını ortaya qoymayıblar. Amma sirr deyil ki, “Lotu Quli”nin qardaşı – “qanuni oğru” Namiq Səlifov bir neçə ildir Türkiyədə yaşayır. Digər bir mənbənin sözlərinə görə, “Lotu Quli” ilə R.Eyvazov arasında münaqişə pul üstündə baş verib. Münaqişə 200 min dollar üstündə “alovlanıb”.
R.Lənkəranskinin ölümündə şübhəli bilinən və qətli günü yanında olan “qanuni oğru” “Hacı Beyləqanski” kimi tanınan Hacı Talıbxanlı da hadisədən bir müddət sonra azadlığa buraxılıb. Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayıb. Belə xəbərlər var ki, o da Türkiyədə qalmaq və “Lənkəranski”nin obyektlərinə nəzarət etmək istəyindədir. Bu obyektlər uğrunda mübarizə tərəflərindən hər hansı birinə yaxın olmaq isə indi olduqca təhlükəlidir…
Müharibənin qızışması
Türkiyədəki məlum “qulaq” hadisəsindən sonra Bakıda “Lotu Quli” ilə R. Eyvazov arasında “qisas müharibəsi” qızışıb. Hətta, tərəflər bir-birinə qarşı silah işlətməli olub. Belə bir hadisə yanvarın 9-na keçən gecə Bakının Nərimanov rayonunda baş verib. Belə ki, paytaxtın Nərimanov rayonunda Ağa Nemətulla küçəsindəki “Nənəmin təndiri” kafesinin yaxınlığında 15-20 nəfərin iştirakı ilə kütləvi dava düşüb. Dava sonda tərəflər arasında atışma ilə nəticələnib. Davada “Makarov” tipli tapançadan istifadə edildiyi iddia olunur. Buna sübut kimi isə hadisə yerindən “Makarov” markalı tapançanın gilizlərinin tapılmasıdır.
Agentliyin anonim mənbələrə istinad edərək bildirdiyinə görə, atışmada iştirak edənlər kriminal avtoritetlər Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (“Lotu Quli”) adamları olub. Artıq baş verən hadisələr göstərir ki, R. Eyvazov qisasını almaq üçün açıq döyüşə çıxıb və bu “müharibə” daha da gərginləcək.
“Lotu Quli” baş verənləri təkzib edir.
Nadir Səlifovun (“Lotu Quli”) vəkili Təranə Əliyeva mətbuata açıqlamasında deyib ki, bu məlumatı oxuyandan dərhal sonra müvəkki ilə əlaqə saxlayıb. N.Səlifovsa qəti şəkildə bu məlumatı təkzib edib.
Vəkil T.Əliyevaya virtualaz.org-a açıqlamsında deyib ki, son günlərdə bu, “Sputnik Azərbaycan” agentliyinin N.Səlifovla bağlı yaydığı ikinci “təxribatçı” yalan məlumatdır.
O, deyib ki, “Lotu Quli” öz adamlarının Bakıdakı atışmada iştirakını qəti şəkildə təkzib edir. “Ümumiyyətlə, mənim Bakıda adamlarım yoxdur. Bütün yaxınlarım Azərbaycanın hüdudlarından kənardadır. Bu yalan məlumatların haradan qaynaqlandığını bilirəm və jurnalistlərə məsləhət görürəm ki, bəzi dairələrin mənə qarşı təxribatlarına aldanmasınlar” – müvəkkilinin adından çıxış edən vəkilin bəyanatında deyilir…
Hazırladı Mürtəza
Gununsesi.info