Bakıda içərisində iki sakinin olduğu və 7-ci mərtəbədən enən lift sıradan çıxaraq sürətlə birinci mərtəbəyə düşüb.
Gununsesi.org Xezerxeber.az-a istinadla xəbər verir ki, hadisə ötən gün paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında baş verib.
Həmin binada yaşayan Mürsəl Balaxanov deyib ki, ötən gün 7-ci mərtəbədən düşmək istəyən zaman qəfil lift sürətlə birinci mərətəbəyə düşüb. O və oğlu xəsarət almasa da bir saatdan çox liftdə qalıblar. Onlar liftdə qalmaqlarının videosunu mobil telfonla da çəkiblər.
Həmin binada yaşayan sakinlər isə deyiblər ki, lift istismar müddətini başa vurduğundan tez-tez sıradan çıxır. Bu isə xüsusilə də yuxarı mərtəbələrdə yaşayan sakinlər üçün problem yaradır.
Sakinlər tezliklə lift probleminin həll edilməsini istəyirlər. Problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən ”Xəzər Xəbər”ə bildirilib ki, ölkəyə gətirilən yeni 542 lift paytaxt ərazisində yerləşən 160 binada quraşdırılır.
Köhnə, istismar müddətini başa vurmuş liftlər yeniləri ilə əvəz olunur. Hadisə baş verən ünvanda yerləşən yaşayış binasına isə yeni liftlərin quraşdırılması gələn ilə nəzərdə tutulub. Hazırda isə qəzalı vəziyyətdə olan lift təmir edilərək sakinlərin istifadəsinə veriləcək.