Dünyanın tanınmış geyim mağazaları brendlərindən biri sayılan «Marks & Spencer» şirkəti Bakıdakı dükanını bağlayıb.
Gununsesi.info fins.az-a istinadən xəbər verir ki, Bakının dəbdəbəli «Port Baku» ticarət mərkəzində yerləşən mağaza öz fəaliyyətini 12 gün əvvəl, oktyabrın 27-də dayandırıb.
Mağazanın sahibi olan şirkətdən onun bağlanması səbbələri açıqlanmır, amma böyük ehtimalla, bu, satışların aşağı düşməsi ilə əlaqədardır.
Bakı, bu məşhur şəbəkənin fəaliyyətini dayandırdığı yeganə şəhər deyil.
Son məlumatlara görə, «Marks & Spencer» qarşıdakı 5 il ərzində təkcə Böyük Britaniyada 60 paltar və ev üçün əşya mağazasını bağlayacaq. Fins.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu qərara ilin birinci yarısında gəlirlərinin azalması səbəb olub.
Belə ki, ilk 6 ayda «Marks & Spencer»in verqiqoymadan əvvəlki gəliri 231,3 milyon funt sterlinq ($287,3 mln.) təşkil edib ki, bu da ötən ilin eyni dövründən 18,6% azdır. «Gələcək beş il ərzində biz Böyük Britaniyadakı daşınmaz əmlakımızı transformasiya edib 60 mağazamızı bağlayacayıq»-deyə şirkətin açıqlamasında deyilir.
Əvəzində «Marks & Spencer» «Simply Food» ərzaq dükanı şəbəkəsinin sayını artırmaq istəyir. Şirkət 2019-cu ilədək Böyük Britaniyada 200 yeni ərzaq dükanı açmağı düşünür. Xatırladaq ki, «Marks & Spencer» 1884-cü ildən fəaliyyət göstərir.
Gununsesi.info