Bakıda Mərakeşin milli bayramı qeyd olundu

  • By admin
  • 31 İyul 2017 21:20

azerbaijan-marokko-flags-180313

Bakıda Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günü münasibəti ilə bağlı rəsmi qəbul keçirilib.

Gununsesi.info-nun məlumatına görə, tədbirdə diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər iştirak edib.

Mərakeşin Azərbaycandakı səfiri Adil Embarxın sözlərinə görə, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etməsinə yüksək səviyyədə keçirilən qarşılıqlı səfərlər böyük töfhə verib. Diplomatın qənaətinə görə, həm Azərbaycan, həm də Mərakəş öz regionlarında dözümlülük və multikulturalizm mərkəzləridir. Onun sözlərinə görə, bu ilin sonunda iki ölkə arasındakı iqtisadi məsələlər üzrə dövlət komissiyasının növbəti iclası keçiriləcək. Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini, Azərbaycanın da öz növbəsində Qərbi Saxarada mübahisəli ərazi məsələsində Mərakeşi dəstəklədiyini deyib.

Dini məsələlər üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanov ikitərəfli əlaqələrin yüksələn xətt ilə inkişaf etdiyini qeyd edib. Komitə sədri turizm, kənd təsərrufatı, energetika daxil olmaqla, müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın genişləndiyini nəzərə çatdırıb. O, Mərakeşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdiyini söyləyib. Ticarət dövriyyəsinin təkcə 2015 ildə əvvəlki illərlə müqayisədə 50 dəfə artdığını deyən M.Qurbanovun sözlərinə görə, hər iki ölkə İƏT və digər beynəlxalq təşkilatlar da daxil olmaqla beynəlxalq müstəvidə qarşılıqlı münasibətləri inkişaf etdirir. Sonda Mərakeş səfirliyi ilə sıx əməkdaşlıq edən qurumlar və şəxslər səfirin xüsusi fərmanları ilə təltif edilib.

Gununsesi.info