Bakıda “parking” xaosuna son qoyulmalıdır. Əvvəl qaranlıq şəxslərin əlində cəmlənirdi bu biznes. İndi qalstuklu, jiletli “Azparking” əməkdaşları o şəxslərin ölənlərinə rəhmət oxudurlar.
Gununsesi.info xəbər verir ki, bunu “Yeni Çağ” media qrupunun rəhbəri Aqil Ələsgər sosial şəbəkə hesabında yazıb.
“Sanki robotdular. Necə qurulublarsa, hamısının cavabı da, reaksiyası da standartdır. İnsanlar iş yerlərinin və ya evlərinin yaxınlığında avtomobil saxlamaq üçün niyə pul ödəməlidilər? Tamam, ödəsinlər, ancaq səhərdən axşama qədər maşın ofisin önündə qalırsa, bədbəxtlərin maaşı ancaq “Azparking”ə getməlidir?!”, – deyə o qeyd edib.
Aqil Ələsgərin sözlərinə görə, “Azparking” əməkdaşları ödəniş etməyənlərin şəkillərini özləri çəksə də, cərimənin AYNA tərəfindən edildiyini bildirirlər. “Yəni, əl əli yuyur, əl də üzü, zərərli çıxan isə vətəndaşdır. Hesab edirəm ki, “Azparking” ilə AYNA-nın ötür-ötür oyunu dövlətimizə qarşı sabotajdır. Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinə kölgə salmaq istəyənlərin işinə yarayır”, – deyə jurnalist bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin iclsasında Bakıda parklanma problemi ilə bağlı çıxış etmişdi.
Deputat bildirmişdi ki, əvvəllər vətəndaşlar parklanma üçün gün ərzində 1-2 manat ödəyirdisə, indi 8-10 manat ödəməli olurlar. “Avtomobili saxlamaq üçün yer tapa bilməyən vətəndaşlar isə maşınları binaların həyətlərində saxlayırlar. Bu da bina sakinlərinə əlavə problemlər yaradır. Hesab edirəm ki, gələcəkdə aidiyyəti qurumlarla ictimai dinləmələr keçirə və problemlərin həlli üçün işlər görə bilərik”, – deyə o qeyd edib.
Deputat parklanma yerlərində elektromobillərin doldurulması üçün məntəqələrin yaradılmasını da təklif edib.
Gununsesi.info