Bakıda polis polkovniki məhkəmə qarşısında

Ali Məhkəmədə Şamaxı Rayon Polis Şöbəsinin keçmiş rəis müavini Hüseyn Muradxanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə keçmiş təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Gununsesi.info xəbər verir ki, məhkəmənin növbəti iclası mayın 16-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Muradxanov 7 il müddətinə azadlıqdan məhrum edilib.

H.Muradxanov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, o, evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb. Belə ki, H.Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib. Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.

2016-cı ildə H.Muradxanov həyat yoldaşı M.Muradxanovadan boşanıb. Sonuncu məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.

Bundan sonra obyekti alan qadın D.V. polis polkovnikindən şikayətçi olub. O iddia edib ki, sabiq rəis müavini onu aldadıb 180 min manatını ələ keçirib.

Şikayət əsasında H.Muradxanova cinayət işi açılıb.

Sabiq rəis müavini məhkəmədə deyib ki, özünü bilərəkdən subay təqdim etməyib. Sadəcə şəxsiyyət vəsiqəsi tərtib olunanda texniki səhvə yol verilib. Polkovnik bildirib ki, sözügedən əmlak ona atasından qalıb və keçmiş həyat yoldaşına aidiyyəti olmayıb. O, alqı-satqı zamanı həyat yoldaşının razılığı məsələsinə diqqət yetirmədiyini bildirib.

 

Şəbnəm

Gununsesi.info