Bakıda “Prius” qatarla toqquşdu - VİDEO/FOTOLAR -YENİLƏNDİ

  • By admin
  • 20 İyul 2023 21:14

Bakıda avtomobillə qatarın toqquşması nəticəsində xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına saat 10:54 radələrində Dübəndi-Zirə dəmiryolu xəttində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı müraciət daxil olub:

“Üç nəfər müştərək travmalarla təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar. 2004-cü il təvəllüdlü kişi cinsindən olan xəstəyə ağır baş-beyin əzilməsi, qarın boşluğu və döş qəfəsinin küt travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Kəllə-beyin travması, ağır dərəcədə baş-beyin əzilməsi diaqnozu qoyulan şəxsiyyəti məlum olmayan 30-35 yaşlı cinsi kişi cinsindən olan digər şəxsin də vəziyyəti ağırdır”.

Daha ətraflı Baku TV-nin süjetində:

13:36

Fövqəladə Hallar Nazirliyi minik avtomobilinin qatarla toqquşması ilə bağlı açıqlama və hadisənin görüntülərini yayıb.

Qurumdan bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Prius” markalı minik avtomobili ilə dəmir yolunda hərəkətdə olan qatarın toqquşması nəticəsində bir sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

12:04

Bu gün Bakı şəhər Xəzər rayonu ərazisində yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Zirə qəsəbəsinə gedən yolda “Toyota Prius” markalı avtomobil qorunmayan keçiddən keçən yük qatarı ilə toqquşub. Nəticədə qatar avtomobili xeyli məsafədə sürüyərək aparıb. Maşının içində sıxılmış vəziyyətdə qalan şəxsləri FHN-in xilasediciləri çıxarıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info