Bakıda Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransının iclası keçirilir

  • By admin
  • 03 Aprel 2018 12:10

Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksək vəzifəli məmurlar səviyyəsində iclas işə başlayıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycanı görüşdə ölkəmizin BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev təmsil edir.

Tədbiri açan Venesuela xarici işlər nazirinin müavini Ruben Dario Molina Qoşulmama Hərəkatının üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verdiyini, onun insan hüquqları, sülh və təhlükəsizliyin təşviq edilməsi üçün toplaşma yeri olduğunu deyib:

“Qoşulmama Hərəkatının prinsipləri və niyyətləri üzv ölkələrin sabit inkişafına yardım edir. Hərəkat hansısa tərəfin hegemonluğuna və digər ölkələrin sabitliyinə olan hücumlara qarşıdır. Ölkələri narahat edən problemlərin aradan qaldırılması üçün Hərəkat yaxşı imkanlar yaradır”.

Y.Əliyev Qoşulmama Hərəkatı ilə bağlı Bakı Bəyannaməsinin gündəliyində qlobal, regional, regionlararası, siyasi məsələlərin, habelə insan hüquqlarının inkişafı kimi məsələlərin müzakirə olunacağını bildirib: “Azərbaycan Qoşulmama Hərəkatının prinsipləri ilə bağlı dəyərləri və konstruktiv müqavilələri dəstəkləyir. Yekun Bakı Bəyannaməsi həmrəylik prinsipləri əsasında qəbul ediləcək”.

Xatırladaq ki, aprelin 5-6-da Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək.

Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edəcək.

Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək, 2019-2022-ci illər ərzində isə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Gununsesi.info