Bakıda sahibsiz itlər sakinlərə hücum edir - ŞİKAYƏT

  • By admin
  • 04 May 2017 12:46

 unnamed (3)

“Səbayıl rayonu Arif  İsmayılov küçəsində sahibsiz itlərin sakinlərə hücümu hər gün davam etsə də,  müraciət etdiyimiz qurumlar bununla bağlı heç bir tədbir görmürlər”. 

Sahibsiz itlərin hücumuna məruz  qalan Səbayıl rayonu Arif İsmayılov küçəsinin sakini Samirə Əliyevanın Gununsesi.info-ya verdiyi məlumata görə, əhali bu səbəbdən vahimə içərisindədir: “İtlər rəsmən yolu kəsib. Mayın 3-də axşam saatlarında məktəbdən qayıdan uşaqlara hücum edən itləri nə vura bilirik, nə də qova bilirik. Analar övladlarını bu itlərdən qorumaq üçün çarə tapmırlar. Dünən saat 20:30 radələrində DİN 102 Çağrı Xidmətinə zəng etdim. Həsənova söyadlı operator bizi heç dinləmək belə istəmədi. Çox kobud danışdı. Deyirik ki, itlər adam parçalayıb, uşaqlarımızın həyatı təhlükədədir. Bu fakt araşdırılmalıdır. Bəlkə kiminsə itidir, ya kiminsə vəzifə səhlənkarlığı üzündən baş verib. Bu bədbəxt hadisə deyil, kimsə buna nəzarət etməlidir. Operator hadisəni qeydə almaq əvəzinə üstümüzə qışqırır ki, qoyun işimizi görək, biz belə məsələlərə baxmırıq.  Nəhayət, çox böyük çətinliklə hadisəni həmin operatora qeydə aldırdım.  Az keçməmiş Səbayıl rayon 8-ci Polis Bölməsindən bizə zəng etdilər. Həmin polis əməkdaşı isə heç özünü təqdim də etmədən dedi ki, Səbayıl rayonu Arif  İsmayılov küçəsində   itlərin adam parçalaması haqqında məlumatlıyıq.  Doğrudan da, ərazidə vəhşi itlər var. Hər gün hadisə gözləyirik. Soruşdum ki, bəs bunları bilirsinizsə, nəyə görə tədbir görmürsünüz? Cavab verdi ki, siz bizə ərizə yazın ki, biz də tədbir görək.  Belə çıxır ki, əgər sakinlər ərizə yazmasa, polisdə də fakt var ki, bəli,  itlər həmin ərazidə həqiqətən adam parçalayıb, özü də bəlli də deyil, həmin şəxs öldü ya qudurdu. Lakin tədbir görmək istəyən yoxdur. Deməli, polis vətəndaşla maraqlanmaq istəmir. Belə çıxır ki, Səbayıl rayonu Arif  İsmayılov küçəsində yaşayan vətəndaşların taleyi heç kimi maraqlandırmır. Hamı da  deyir ki, yığışaq prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edək.   Çox maraqlıdır, əgər adamlar  bu haqda prezidentə  ərizə yazmasalar, itlər bütün sakinləri parçalamalıdır? İndi itlə də bağlı prezidentə, Mehriban xanım Əliyevaya müraciət edək? Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin məmurlarının da işini prezident görməlidir?

Sakinlər yığışıb qərara gəldk ki, DİN-nin 102 Çağrı Xidmətindən bir nəticə hasil olmadı, FHN-nin 112 Çağrı Mərkəzinə zəng edək. Sağ olsunlar, bizi dinləyib, qeydiyyata aldılar. Bildirdilər ki, Səbayıl rayonu Arif  İsmayılov küçəsində baş verənlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinə məlumat verəcəklər. Lakin bununla da çevrə qapanır. Vətəndaşların hər bir müraciətinə diqqətlə yanaşılmalıdır. Bizim ölkə  demokratik və hüquqi dövlətdir. Bu boyda hadisə baş verib, zəng edirik, vətəndaşın qeydinə qalmırlar.  Onları  vətəndaş, ümumiyyətlə, maraqlandırmır”-, deyə o bildirib.

Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsindən Gununsesi.info-ya bildirilib ki, paytaxtda baş verən bu cür hallarla bağlı mübarizə aparırlar. İdarə əməkdaşının sözlərinə görə, Bakının 12 rayonu üzrə xidmət göstərsələr də, lakin bunun üçün vətəndaşların dəstəyinə ehtiyac var:

“Belə ki, vətəndaşlar (012) 565 09 27 saylı telefonla bizə müraciət etsinlər. Biz də həmin ərazini ünvanla rəsmiləşdirib, tədbir görək. Müraciət edən vəndaşların sorğusuna  1 həftə ərzində cavab verməklə yanaşı tədbir də görürük ki, onlar üçün yaranan həyati təhlükənin qarşısını vaxtında alaq”.

Qeyd edək ki redaksiyimıza bir gün də bakının müxtəlif rayonlarında sahibsiz itlərlə bağlı baş verən hadisələrlə bağlı məlumat daxil olub.

Xatırladaq ki, Bakıda  və Bakıətrafı qəsəbələrdə  sahibsiz itlərin sayı son vaxtlar daha da artmağa başlayıb. Xüsusən də Bakının Səbayıl, Binəqədi, Xətai, Suraxanı və digər mərkəzdən uzaq rayon və qəsəbələrinin sakinləri sahibsiz itlərin çoxalmasından, it dişləmələrindən şikayətlənirlər.

Mətbuatda yayılan məlumatlara görə,  2017-ci ilin təkcə  yanvar ayında paytaxtın Xətai rayonunda 10-a yaxın it dişləməsi hadisəsi qeydə alınıb.  O cümlədən  Bakının mərkəzində də çoxsaylı sahibsiz itləri görmək adi hala çevrilib. Bundan ən çox narahat olan isə təbii ki, valideynlərdir. Çünki baş verən xoşagəlməz hadisələrdən belə məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir, onlara xəsarət yetirməyə çalışırlar.

Bu da həm uşaqların, eləcə də böyüklərin hər an təhlükə ilə üz-üzə qalması deməkdir. Ən təhlükəlisi isə hücum edən itin quduz olmasıdır. Ekspertlər də qeyd edir ki, əgər it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, ciddi müalicə olunmazsa,  ölümlə nəticələnir. 2016-cı ildə Salyan rayonunun Dayıkənd sakini olan 10 yaşlı uşaq it dişləməsindən quduzlaşıb, ölmüşdü.. Quduz itin hücumuna məruz qalan uşaq xəstəxanaya çatdırılıb müalicə alsa da, həyatını xilas etmək mümkün olmamışdı.

Gülnaz Qənbərli

Gununsesi.info