Bakının xarici görünüşünün getdikcə dəyişməsi nə qədər sevindiricisidirsə, onun görkəminə xələl gətirən yöndəmsiz binaların hələ də mövcudluğu bir o qədər təəssüf doğurur. Söhbət uzun illərdir baxımsızlıq səbəbindən eybəcər görkəm alan tələbə yataqxanalarından gedir. Yasamal rayonu ərazisində belə yataqxanaların sayı çoxdur. Məcburi köçkünlərin məskunlaşdığı bu binaların boşaldılması zaman-zaman gündəmə gəlsə də, problem hələ də həllini tapmayıb. Gununsesi.info ANS-ə istinadən bildirir ki, yataqxanalarda yaşayan məcburi köçkünlər də yeni mənzillərə köçürülmələrini istəyirlər. Yataqxana sakini Afər Abbasova deyir: “Hamıımız burda pis şəritdə yaşayırıq zülm çəkirik oğlu nişanlıdır toy edə bilmirəm yer yoxdur qalmağa gözləyirik”.
Afər Abbasova kimi yataqxanada məskunlaşan onlarla ailənin gözü yolda, qulağı səsdədir. Abbas Mirzə Şərifzadə küçəsində yerləşən bu yataqxanada yaşayan məcburi köçkünlər yeni mənzllərə köçürüləcəkləri günü gözləyirlər.
Səkinə xanımla birlikdə onun evinə də baxış keçirik. Yenicə təmirdən çıxan mənzil vizual baxımdan səliqəli görünsə də içəri girər-girməz nəm iyi insanı bihuş edirdi. Ən acınacaqlı məqam isə 10 aylıq Mədinənin bu kəskin qoxunu ciyərlərinə çəkə-çəkə yatması idi. “Bu pərdəni çəkirik, uşaqlar orda yatır, biz burda”,- deyə Səkinə xanım bildirir.
Sakinlərin dediklərinə görə, binada qaz olmadığından hamı eletrik sobasından istifadə edir. Bu isə əksər hallarda qısa qapanma və elektrik şəbəkəsində yanğınla müşayiət olunur. Yataqxananın 5-ci mərtəbəsində məskunaşan İradə xanımın isə dərdi nə birdir, nə iki. Əlil uşağı ilə bir otaqda məskunlaşan ana oğlu yeriyə bilmədiyindən onu həyətə çıxartmaqda çətinlik çəkir. Dediyinə görə, 12 yaşlı Rəvan gününü bu nəmişlikdə keçirməyə məhkumdur.
Yasamal rayon İcra Hakimiyyətində də sözügedən yataqxanaların bərbad vəziyyətindən xəbərdardılar. İcra başçısı İbrahim Mehdiyevin sözlərinə görə, aidyyatı qurumlar da bu barədə məlumatlandırılıb.
Ümid edək ki, növbəti mərhələdə köçürülənlər arasında bu yataqxananın sakinləri də olar ki, Afər xanım da oğluna toy çaldıra bilsin.