Bakıda velosiped yarışı ilə bağlı yol polisindən sürücülərə TÖVSİYYƏ

  • By admin
  • 04 İyun 2018 16:41


Bakının mərkəzindən Bibiheybət məscidinin yanından keçərək cənuba doğru, yəni Lökbatan dairəsi istiqamətinə, eləcə də cənubdan mərkəzə doğru hərəkət edən avtomobil sürücüləri diqqətli olmalıdır.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, Səbail rayonu ərazisində “Dostluq” parkı ətrafı, Şıxov çimərliyi ilə üzbəüz veloparkda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcəyinə görə həmin yol üzrə, yəni Salyan şosesi ilə avtomobillərin hərəkəti 30-50 km sürət həddinə endirilərək müvafiq yol nişanları quraşdırılıb və yolun bir hissəsi tədbir iştirakçılarının hərəkəti üçün nəzərdə tutulub.

Bölmə rəisi sürücülərə tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün qeyd olunan ərazi üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadəni tövsiyə edib:

“Alternativ yol olaraq mərkəzdən cənuba doğru hərəkət edən sürücülər Bibiheybət məscidinə çatmadan “20-ci sahə” dairəsindən dağüstü yolla, Badamdar qəsəbədaxili yollarla 3-cü kənar dairəvi yol istiqamətində sərbəst, fasiləsiz hərəkət edə bilər. Eləcə də cənubdan mərkəzə doğru hərəkət edənlər Lökbatan dairəsindən, yəni Bakı-Salyan yolunun 14-cü km-dən birbaşa 3-cü kənar dairəvi yolla hərəkət etməklə Yasamal və yaxud Badamdar qəsəbədaxili yolla hərəkət edə bilərlər”.

Qeyd edək ki, iyunun 5-9 tarixlərində Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək.
Gununsesi.info