Bu gün Bakı Konqres Mərkəzində start götürən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC-25) rəqəmsal transformasiya proseslərinin qlobal gündəmdə daha da önə çıxması fonunda xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” mövzusunu mərkəzə gətirərək, ölkələrin rəqəmsal xidmətlərə bərabər çıxış imkanlarının genişləndirilməsi, rəqəmsal uçurumun aradan qaldırılması və innovativ texnologiyaların qlobal inkişafdakı rolunu müzakirəyə açır.
Konfrans Azərbaycanın rəqəmsal ekosisteminə, həmçinin regional bağlantı mərkəzi kimi mövqeyinə verilən yüksək beynəlxalq dəyərin göstəricisidir.
WTDC-25 çərçivəsində innovativ texnologiyaların tətbiqi və rəqəmsal bağlantının genişləndirilməsi istiqamətində aparılan müzakirələrin Azərbaycan üçün əsas gözləntiləri və potensial nəticələri nələrdir?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan İT mütəxəssisi Elvin Abbasov vurğulayıb ki, Azərbaycanın Cənubi Qafqaz və Xəzər hövzəsində etibarlı telekommunikasiya qovşağı rolunu daha da gücləndirə bilər:

“WTDC-25-in Bakıda keçirilməsi Azərbaycanın rəqəmsal gündəminin qlobal səviyyədə tanındığını göstərir və konfransın müzakirə xətti ölkə üçün bir sıra strateji nəticələr yarada bilər. Universal və əlçatan bağlantı üzrə aparılan müzakirələrin ən real təsiri telekommunikasiya infrastrukturunun modernləşdirilməsi və regionlar üzrə rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır.
Fiber-optik şəbəkələrin genişləndirilməsi, 5G ekosisteminin qurulması və operatorlararası beynəlxalq trafik mübadiləsinin optimallaşdırılması üzrə mümkün əməkdaşlıqlar Azərbaycanın Cənubi Qafqaz və Xəzər hövzəsində etibarlı telekommunikasiya qovşağı rolunu daha da gücləndirə bilər. Xüsusən Transxəzər fiber-optik xətti kimi layihələr konfrans çərçivəsində yeni tərəfdaşlıqlar üçün əlverişli platforma yaradır”.
İT mütəxəssisinin sözlərinə görə digər diqqətçəkən istiqamət qlobal telekommunikasiya standartları ilə uyğunlaşmanın sürətlənməsidir:
“Spektrin idarə olunması, beynəlxalq rouminq siyasətlərinin yenilənməsi, fövqəladə rabitə infrastrukturları, peyk-rabitə inteqrasiyası kimi mövzular üzrə aparılan müzakirələr ölkədə mövcud normativ və texniki bazanın daha müasir tələblərə adaptasiyasına imkan yaradır.
Bu həm operatorlar üçün rəqabət qabiliyyətini artırır, həm də vətəndaşların istifadə etdiyi xidmətlərin fasiləsizliyini və təhlükəsizliyini təmin edir. Telekom operatorlarının yeni nəsil şəbəkələrə keçidi, milli internet mübadilə nöqtələrinin gücləndirilməsi və regionda trafik şaxələndirilməsinin artırılması kimi təşəbbüslər də dəstək qazana bilər.
Ümumi mənzərə göstərir ki, WTDC-25 Azərbaycan üçün iki əsas xətt üzrə strateji üstünlük yaradır: ölkənin telekommunikasiya infrastrukturunun beynəlxalq tərəfdaşlıqla daha sürətli modernləşdirilməsi və regionda rəqəmsal bağlantı mərkəzi kimi mövqeyinin möhkəmlənməsi. Bu konfrans həm texniki inkişaf, həm idarəetmə, həm də yeni nəsil rabitə xidmətlərinin yayılması baxımından uzunmüddətli rəqəmsal inkişaf üçün real fürsət pəncərəsidir”.
Gülxanım Əliyeva












