Bakıda xalq qardaş ölkəyə yardım üçün axışır: "Qardaşlıq borcumu yerinə yetirmək üçün gəlmişəm" /FOTOREPORTAJ

  • By arzu
  • 08 Fevral 2023 18:22

Türkiyədə yaşanan dəhşətli zəlzələ Azərbaycanda böyük kədərə səbəb olub. Televiziyalardakı görüntüləri izləyən vətəndaşlar qardaş ölkəyə kömək etmək üçün səfərbər olublar.

Gununsesi.info əməkdaşı Bakıdakı yardım toplama məntəqəsinə gedərək oradakı mənzərəni sizinlə paylaşıb.

HTML tutorial

Bir tərəfdə əllərində yüklü-yüklü köməyə qaçan vətəndaşlar, digər tərəfdə dolub-daşan yük avtomobillər… Və kimisinin üzündə kədər, Bakının soyuqlu küləyində onların tək məqsədir var: Qardaşlarına yardım əli uzatmaq. Acılarını bir nəbzlik də olsa, yüngülləşdirmək…

On minə yaxın insanın ölümünə, 50 minə yaxın yaralanmasına səbəb olan dəhşətli qardaş Türkiyədəki təbiət faciəsi göz yaşlarının sellərə dönüşməsinə, ürəkləri sızladan mənzərələri yaşamağa səbəb oldu.

 

Addım-addım toplama məntəqəsindəki ulduzlar kimi sayrışan, tələsən bu yardımsevər – o böyük insanların bu davranışlarını gördükcə, sabaha bir ümid yaranır. İnsanın-insana köməyi “sən tək deyilsən, qardaşın var” mesajının və əminliyinin göstəricisi olmaq kimi güclü bir həmrəylik örnəyidir.

Yardım toplamanın ikinci günüdür. Hər kəs gücü çatan, varından-yoxundan bir şeylər gətirərək qardaşlarına yardım üçün bu məntəqəyə ayaq basaraq bu xeyirxahlığın bir parçası olmaq, köməksiz olan ürəkləri sevindirmək üçün onlara bağış vermək üçün təşrif buyurub.

 

Artıq iki gündür ki, Bakının Babək prospektində (Doğtaş mebel mağazası) görünməmimş insan sıxlığı var. Mebel mağazasının altında yüklərüzərinə yüklər toplanıb. Aşıb daşan yardım vasitələri, insan seili və avtomobillərin siqnalları ilə müşahidə edilir.

Bu gün günlərdən başqa bir gündür. Sıradan bir gün deyil. Qardaşlığın test edildiyi, insanlığın ölmədiyinin isbatı günüdür.

Kimisi corab, üst geyimləri, kimisi qida, kimisi isə maddi yardım və ya digər ləvazimatlarla gücü yetəndən gətirir, edə bildiyini edir.

 

Yorğan, döşək, çadır, işıq fənəri, “generator”, “poverbank” və təmizlikk alətləri… Yardımlar gecə boyunca davam edib.

Əməkdaşımız yardımsevər insanlardan bir neçəsi ilə həmsöhbət olub. “Türkiyə bizim qardaş ölkəmizdir, mən, ilk növbədə buraya qardaşlıq borcumu yerinə yetirmək üçün gəlmişəm. Bu, təkcə Türkiyə üçün çətin an deyil , həmçinin də Azərbaycan üçün çox böyük faciədir. Türkiyənin başı sağ olsun”- şəhər sakini bildirib.

 

Bir neçə addım irəlidə başqa bir nəfərə üz tuturuq:  “Bu, böyük bir faciədir. Bizim özümüzün qohumları Türkiyədə yaşayırlar , onlardan çox narahatıq. Allah hamısına kömək etsin və tez bir zamanda bütün bu problemlər həll olsun”- şəhər sakini.

Bizə yaxınlaşan Bakı sakininin bu sözləri içimizi sızladır: “ Vallah, mən buna çox üzülmüşəm, bütün bunları sözlə ifadə etmək mümkün deyil. Mən bura uşaq geyimləri və qida ərzaqları gətirmişəm. Yəni, əlimizdən gələn köməkliyi eləməyə hazırıq. Bundan əlavə, mən qış paltarları da gətirmişəm, çünki insanların ən birinci isti paltara və qidaya ehtiyacları var. Allah millətimizi qorusun. Həmişə qardaş Türkiyənin yanındayıq”- şəhər sakini bildirib…

 

İnsanlığın ölmədiyi dünyada xeyirxahlığın yenə bilməyəcəyi fəlakət yoxdur. Allah qardaş Türkiyəmizə yardımçı olsun! Sözüm bitdiyi yerdə, insanlıq bitməyibmiş…

 

Arzu Sayadoğlu, Adil Elxanoğlu

Gununsesi.info