Son zamanlarda Bakıda, özəlliklə də keçmiş Motodrom adlanan ərazisində yaşıllıqların soyqırımı davam edir. Bu hala daha çox restoran, magistral yol yaxınlığında və digər ticarət obyektlərinin qarşısındakı ağacların kəsilməsi zamanı rast gəlinir. Məsələ ilə bağlı Gununsesi.org–un hadisə yerində olan əməkdaşının obyektivindən əks olunan görüntülərdə kəsik ağaclar, yerə atılan budaq kəsikləri, üst-üstə yığılmış yoğun ağac kötükləri və yerə aşırılan ağac gövdələri yan-yana düzülmüş vəziyyətdədir.
Fotolardan da gördüyünüz kimi, bu qeyd edilənlər Bakının keçmiş Motodrom adlanan ərazisinin indiki real mənzərəsidir. Üstü yox edildikdən sonra bura hazırda boş torpaq sahə halına gətirilib.
Ağacların ucdantutma kəsilərək məhv edilməsi diqqətlərə ölkə başçısı İlham Əliyevin 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə bağlı sərəncamı və həmin ildən sonrakı dövrlərdə ətraf mühitin və yaşıllıqların qorunması ilə bağlı atılan addımları gətirir.
Məsələ ilə bağlı araşdırmamız zaman məlum oldu ki, “ağackəsmə əməliyyatı”nda daha çox Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin müdiri Orxan Məmmədovun adı hallanır. Orxan Məmmədovun bu əməli yol kənarındakı ticarət obyektlərinin sahibləri ilə işbirliyinin nəticəsi kimi qiymətləndirilir.
Xatırladaq ki, Orxan Məmmədovla bağlı daha öncə də mətbuatda yaşıllıqların məhv edilməsi ilə bağlı yazılar dərc edilmişdi.
Ancaq görünən odur ki, qurum rəsmisi 2014-cü ildə ölkə başçısı İlham Əliyevin “Ekologiya ili hər il olmalıdır”, sözlərini, həmçinin bu ilin yanvarında isə İlham Əliyevin fərmanına əsasən, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti” yaradılması addımına məhəl qoymayaraq öz əməllərinə davam edir.