Bakıda yerləşən məşhur bina sökülür

  • By admin
  • 07 Yanvar 2022 21:19

Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən məşhur çoxmərtəbəli bina sökülür.

Gununsesi.info xəbər verir ki, söhbət əvvəl “Qaqarin” adlandırılan, indiki Cavanşir körpüsünün yanında yerləşən yaşayış binasından gedir. Artıq binanın həyətyanı sahəsi sökülüb. Sakinlərin AzadlıqRadiosuna bildirdiyinə görə, onlara xəbərdarlıq edilib ki, qısa müddətdə evlərindən çıxmasalar, binanın qazı, işığı və suyu kəsiləcək.

HTML tutorial

Sözügedən binada yaşayan vətəndaşlar evlərinin söküləcəyi haqda noyabrın 18-də xəbər tutublar. Onlara yazılı şəkildə bildiriş gəlib ki, bina söküləcək, Xətai Rayon İcra Hakimiyyəti başçısı noyabrın 12-də bu barədə sərəncam imzalayıb. O ərazidəki yaşayış və qeyri-yaşayış sahələri köçürülür. Bir neçə gün sonra – noyabrın 23-də artıq həyətyanı sahə uçurulub.

Adlarının çəkilməsini istəməyən sakinlərin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları köçürülmənin şərtləri haqda onlara şifahi şəkildə məlumat veriblər. Onlara deyilib ki, mənzillərin sahəsindən, mərtəbəsindən, təmirindən asılı olmayaraq, hər kvadratmetr üçün 2 min 200 manat veriləcək. Binanın birinci və ikinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin hər kvadratı isə 2 min 500 manatdan hesablanacaq: “Bizimlə əvvəldən ultimativ şəkildə danışdılar. Dedilər ki, qiymət budur, hətta razı olmasanız belə, bina söküləcək”.

Sözügedən binadakı mülkiyyət sahibləri həm də “Kapitol” Mənzil-Tikinti Kooperativinin üzvləridir. Ona görə də kooperativin adından Xətai Rayon İcra Hakimiyyətinə müraciət göndərilib, 12 noyabr 2021-ci il tarixli sərəncamın surəti istənilib. Ancaq bu müraciət cavabsız qalıb: “Əksinə, bizə qarşı təzyiqlər, hədələr başladı. Dedilər ki, qısa müddətdə çıxmağa razılaşmasanız, kommunal xidmətlər dayandırılacaq. Elə də elədilər. Bu qışın günündə – dekabrın 10-da binanın işığını kəsdilər. Etirazlardan sonra bərpa elədilər. İndi yenə deyirlər ki, çıxmasanız, binanın elektrik, qaz, su və kanalizasiya xətləri kəsiləcək”.

Sakinlər 12 noyabr 2021-ci il tarixli sərəncamın ləğvi üçün Xətai Rayon Məhkəməsinə üz tutub. İddia ərizəsində sərəncamın ləğvi ilə yanaşı, həm də xahiş olunur ki, binanın həyətyanı sahəsinin uçurulması, elektrikin kəsilməsi kimi hərəkətlər qanunsuz hesab edilsin.

Xətai Rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, sözügedən binanın sökülməsi dövlət ehtiyaclarından irəli gəlir. Bu işlər həmin ərazidə yol qovşağının genişləndirilməsi və abadlaşdırılma ilə bağlıdır: “Bununla əlaqədar Xətai Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2021-ci il tarixli 373 nömrəli sərəncamı ilə komissiya yaradılıb. Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanıb”.

Amma mülkiyyətçilər “dövlət ehtiyacı” arqumentini qəbul etmir.

Bina sakinlərinin şikayətinə hazırda Xətai Rayon Məhkəməsində baxılır.

Gununsesi.info