Bakıdan daha iki şəhərə aviareys açılacaq

  • By admin
  • 10 İyun 2016 13:51

China

 

İyuldan Bakıdan Urumçi və Quancoya aviareys açılacaq. Gununsesi.info-nun məlumatına görə, bu gün “China Southern Airlines” (Çin Cənub Hava Yolları) aviaşirkəti Bakı-Urumçi və Bakı-Quancoy aviareysinin təqdimat mərasimində aviaşirkətinin direktor müavini Çen Lixong belə deyib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyətləri hər iki ölkənin ticarət və turizm sahəsinə böyük töhfə verəcək. Azərbaycanla Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişaf etdiyini söyləyən direktor müavini fəaliyyətə başalayacaq aviareysin “İpək Yolu” layihəsinə dəstək olacağını da qeyd edib: “Çin Cənub Hava Yolları Çinin qərb zonasına uçmaqla bərabər, orada əsas avia infrastrukturların maliyyələşməsinə böyük dəstək verib. Avadanlıqlarını daim yeniləyən şirkətimiz artıq “Boeing 777” təyyarəsi ilə sərnişinlərin rahat şəkildə səyahət etməsinə xidmət edir. 2006-cı ilin mart ayından Bakı-Urumçi aviareysimiz fəaliyyətə başlayıb. İqtisadi səbəblərə görə il yarım dayandırılan uçuşları iyul ayından yenidən bərpa etməklə yanaşı, bu xətti Quanjoya qədər uzadacağıq”-, deyə Çen Lixonq deyib. Daha sonra Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin Azərbaycan və Çin xalqının mədəniyyətlərinin yüksək mübadiləsi və qarşılıqlı əməkdaşlıq barədə fikirlərini söyləyib. Bildirib ki, Azərbaycanda fəaliyyəti artıq başa çatır və burada fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın iqtisadi və sosial inkişafının şahidi olub. “Azərbaycan bir çox uğurlar əldə edib. Beynəlxalq səviyyədə keçirilən idman yarışlarına ev sahibliyi edərək dünya miqyasında tanınır və iqtisadi uğurları ilə yeni eranın başlanğıcını qoyur. Azərbaycan bütün xalqların birlikdə yaşaya biləcəyi bir ölkədir. Azərbaycandan xoş təəssüratlarla ayrılacağımı bildirmək istəyirəm. İyulun 3-dən fəaliyyətə başlayacaq aviareys də hər iki ölkənin sıx münasibətinə öz töhfəsini verəcək”, – deyə Xun Tsyuin vurğulayıb. Çin Cənub Hava Yollarının Bakı ofisinin satış agenti Nərmin Babayeva aviaşirkət barədə geniş məlumat verib, şirkətin göstərdiyi xidmətin keyfiyyətindən, həyata keçirilən yeniliklərdən danışıb.

 

Gülnaz Qənbərli