Bakıdan Orta Asiyaya YENİ KÖRPÜ: Əliyev Türk Dünyasını BİRLƏŞDİRİR...

  • By admin
  • 12 Oktyabr 2022 10:57

“Prezident İlham Əliyevin Qırğızıstana ilk rəsmi dövlət səfəri reallaşdı. Qırğızıstan Azərbaycanın təbii strateji müttəfiqi, türkdilli dövlətdir. Hər iki ölkəni tarixi, dini, mədəni tellər birləşdirir və səfər dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində keçirilir. Prezidentlər İlham Əliyevin və Sadır Japarovun iştirakı ilə Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasının keçirilməsi, imzalanan sənədlər, sazişlər, ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşıyacaq, nəqliyyat-logistik imkanlarını artıcaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfərinə münasibət bildirərkən Milli Məclisin deputatı Nəsib Məhəməliyev Publika.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini özündə birləşdirir:

“Xəzər dənizi hövzəsində ən müasir standartlara cavab verən infrastruktura malikdir. Prezident İlham Əliyevin uzaqgörənliklə inşa etdirdiyi, ildə 15 milyon ton aşırma qabiliyyəti olan Ələt limanının gücü yaxın zamanlarda 25 milyon tona qədər artırılacaq. Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu tikintisinin planlaşdırılması, ölkəmiz tərəfindən dəstəklənir və Çinlə Avropa arasında Orta Dəhliz marşrutunun bir hissəsi olacaq. Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin adlarının əbədiləşdirilməsi, Azərbaycan-Qırğızıstan dostluğunu tərənnüm edən parkın açılışı, Bakı ilə Bişkekin qardaşlaşması xalqlarımızı biri-birinə daha da yaxınlaşdırır”.

Deputatın fikrincə, bütün bunlarla yanaşı, ən əsas məsələlərdən biri, iki qardaş ölkə arasında formalaşmış səmimi münasibətlərin günü-gündən inkişaf etməsidir:

“Qırğızıstan, Qazaxıstanla yanaşı, KTMT-n üzvü olmasına rəğmən Azərbaycan əleyhinə hansısa layihələrdə iştirak etmir. Ölkələrimiz beynəlxalq platformalarda siyasi baxımdan vahid mövqe sərgiləyir. Hesab edirəm ki, münasibətlərimizin bu səviyyəyə gəlib çatmasının əsas səbəbi 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdir. Torpaqlarımızın işğaldan azad olunması, dünya erməniliyi və onların himayədarları üzərində əldə etdiyimiz Qələbə, qardaş xalqlarımızda özünəinam hissini artırıb, Azərbaycana münasibətini dəyişdirib. Yaxşı xatırlayıram. 90-cı illərin əvvəllərində Qırğızıstanın birinci prezidenti Askar Akayev kosmopolit, müti çəxsiyyət idi. Onun İrəvana səfəri çərçvəsində saxta ,,genosid,, abidəsini ziyarət etməsi və əklil qoyması Türk dünyasında şok effekti yaratmışdı. Zaman sürətlə dəyişir. Dünyanın yeni təhlükəsizlik arxitekturası qurulur”.

Deputatın fikrincə, beynəlxalq hüququn işləmədiyi, ikili standartların hökm sürdüyü şəraitdə, hər bir dövlət öz təhlükəsizliyini xarici təsirlərdən qorumağı bacarmalıdır:

“Qloballaşan dünyada isə ən inkişaf etmiş ölkə belə təkbaşına müstəqilliyini qorumaq iqtidarında deyil. Bu baxımdan, Türkdilli dövlətlərin inteqrasiyası, Avropa İttifaqı formatına uyğun təşkilatda birləşməsi, tarixi zərurət, zamanın tələbidir. Müəyyən tarixi obyektiv gerçəkliklər üzündən türk cümhuriyyətlərində milli özünüdərkin, milli şüurun inkişafının qarşısı alınıb. Bu gün də türk birliyini özünə təhlükə sayan qüvvələr mümkün qədər bu prosesin qarşısını almağa cəhd edir, bəziləri isə, İran kimi türk düşmənlərinə hərtərəfli yardım göstərir. Türk dünyası birləşməli, Avrasiya coğrafiyasında iqtisadi, siyasi, elmi, texnoloji, hərbi, mədəni gücə çevrilməlidir. Bunun üçün bütün imkanlar, təbii resurslar, insan kapitalı mövcuddur. Sevindirici haldır ki, son zamanlar Orta Asiya respublikaları arasında uzun illərdən bəri yığılıb qalmış problemlər həllini tapır. Qazaxlar, özbəklər, qırğızlar strateji inkişaf perspektivlərini Türk Birliyində görürlər. Qardaş Türkiyə ilə Türk dövlətləri arasında koordinasiya proseslərinin tənzimləmək, körpü rolunu oynamaq kimi tarixi missiya Azərbaycanın, Prezident İlham Əliyevin taleyinə yazılıb. Son iki ildə tarixi “Şuşa Bəyannaməsinin” imzalanmasından sonra Qazaxıstanla, Özbəkistanla, Qırğızıstanla imzalanmış strateji müttəfiqlik müqavilələrinin hər biri dövlətlərimizi daha da gücləndirir, xalqlarımızı birləşdirir. Prezidentin Qırğızıstana ilk dövlət səfərinin müsbət nəticələri özünü çox gözlətməyəcək, hər iki xalqa iqtisadi və siyasi dividentlər gətirəcək”.

Gununsesi.info